...

Azərbaycanda müəllimlərin əməkhaqqının 2 dəfəyədək artırılması nəzərdə tutulub

Cəmiyyət Materials 23 Noyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycanda müəllimlərin illik əməkhaqqının 2 dəfəyədək artırılması nəzərdə tutulub.
Azərbaycanda müəllimlərin əməkhaqqının 2 dəfəyədək artırılması nəzərdə tutulub

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin illik əməkhaqqının 2 dəfəyədək artırılması nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu məsələ də öz əksini tapıb: "Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaq".

M.Cabbarov bildirib ki, strategiyaya əsasən təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması da qarşıda duran ən mühüm vəzifələrdəndir: "Hazırda təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyillər. Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı onların fəaliyyətinin nəticələri nəzərə alınmır. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımırlar. Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün bu sahədə monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir. Təhsil və kadr hazırlığı prosesinə, eləcə də təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. Halbuki onlar bu prosesdə yaxından iştirak etməlidirlər".

Nazirin sözlərinə görə, bu istiqamətlər, yəni təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes tərəfdaşlığına əsaslanan idarəetmə sisteminin formalaşdırılması üçün strategiyada bir sıra məsələlər nəzərdə tutulub. Bu sahə qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulacaq. Həmin təcrübəyə müvafiq olaraq tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək.

M.Cabbarov, həmçinin qeyd edib ki, təhsilin maliyyələşdirilməsi sahəsində də görüləsi işlər çoxdur: "Burada ən böyük hədəf təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsil xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçididir. Biz strategiyada tamamilə yeni maliyyə institutunun - büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişaf Fondunun yaradılmasını nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi layihələrin, tədqiqatların və s. yeni maliyyələşmə mexanizminin tətbiq olunmasına yardım edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti