Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Bu işlər "Dünya palçıq vulkanları" atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilib. Tədqiqat zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar da alınıb.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev qeyd edir ki, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.