...

“ADA” Universiteti dövlət büdcəsindən aldığı maliyyə vəsaitini azaltmağı planlaşdırır

Cəmiyyət Materials 16 Yanvar 2014 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti 2016-2017-ci ilə qədər dövlət büdcəsindən aldığı maliyyə vəsaitini azaltmağı planlaşdırır.

Trend-in məlumatına görə, "ADA" Universitetinin rektoru Hafiz Paşayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda rəhbəri olduğu ali məktəb dövlət büdcəsindən maliyyələşməklə fəaliyyət göstərir. Qarşıya qoyulan məqsədlərdən biri isə budur ki, 2016-2017-ci ilə qədər isə universitetin ümumi maliyyələşdirilməsinin 30 faizini dövlət büdcəsindən ayrılan vəsait təşkil etsin: "Biz dünya praktikasını öyrənmişik. Bilirik ki, yalnız dövlət büdcəsindən maliyyələşməklə yaxşı universitetin yaradılmasını təmin edə bilmərik. Mütləq əlavə fondlar olmalıdır. Bizim qarşımıza qoyduğumuz məqsəd odur ki, təxminən 2016, 2017-ci ilə qədər dövlət büdcısindən aldığımız vəsait yalnız 30 faiz təşkil etsin. Qalan vəsaitin maliyyələşdirilməsi tələbələrin təhsil haqqı, öz elmi tədqiqatlarımız vasitəsilə olsun".

H.Paşayev deyib ki, xaricdə hər bir universitetin öz fondu var. Həmin fonda şirkətlər, təhsilin qayğısına qalan ayrı-ayrı şəxslər maliyyə vəsaitləri köçürürlər və bununla da universitetin imkanlarını artırırlar.

Rektor "ADA" Universitetində də belə bir fondun yaradılması istiqamətində işlərin aparıldığını söyləyib: "Biz artıq ilk gündən bu işə başlamışıq və müəyyən qədər vəsait toplamışıq. Həmin vəsait xərclənmir. Onun banka qoyulması hesabına qazanılmış əlavə gəlir müəllimlərin əməkhaqlarına və digər xərclərə sərf edilir, qalan vəsait isə yenidən fonda qaytarılır. Beləliklə də, fond genişlənir. Bizim də məqsədimiz odur ki, bu fond artsın və gələcəkdə bizi dövlət vəsaiti hesabına maliyyələşməkdən azad etsin".

Ölkə Prezidenti İlham Əliyevin bu il yanvarın 14-də verdiyi sərəncamla Azərbaycan Diplomatik Akademiyası ilə İnformasiya Texnologiyaları İnstitutunun əsasında "ADA" Universitetinin yaradıldığını deyən H.Paşayevin sözlərinə görə, bu təhsil ocağında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığı aparmaq, ali və əlavə təhsil proqramlarını həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq mümkün olacaq.

Bu dəyişikliyin ADA-nın təhsil sahəsinə verdiyi töhfənin təzahürü olduğunu deyən H.Paşayev bunun eyni zamanda ADA-nın qarşısında yeni üfiqlər açdığını da söyləyib. O əlavə edib ki, universitet statusu almaqla yeni ixtisaslar, proqramlar, fakültələr yaratmaq və bununla da Azərbaycanın, regionun inkişafına töhfə verəcək savadlı gənclərin yetişdirilməsində daha yaxından iştirak etmək imkanı əldə ediblər: "Universitet daxilində informasiya texnologiyaları məktəbini elə bir şəkildə qurmaq istəyirik ki, o, müasir tələblərə cavab verə bilsin. Bu məqsədlə biz xarici universitetlərlə əlaqə yaratmışıq, müqavilələr imzalamışıq. Onlar bizə bu işdə kömək edəcəklər".

Rektor bildirib ki, ADA Universitetinə İKT sahəsinin 4 ixtisası üzrə tələbə qəbul olunacaq: "Elə hesab edirəm ki, bu sahələr kifayət qədər genişdir, müəyyən müddət ərzində biz bununla kifayətlənəcəyik. Gələcəkdə isə bu məsələyə baxacağıq".

İT sahəsi üzrə yüksəksəviyyəli yerli mütəxəssislərlə işləməyə çalışacaqlarını deyən H.Paşayevin sözlərinə görə, bakalavr səviyyəsi üzrə ilk məzunlar 2016-cı ildə buraxılacaq. Ancaq magistratura səviyyəsi üzrə artıq 3 məzun buraxılışı olub. Onların 99 faizi işlə təmin edilib. Məzunlar daha çox özəl sektorda çalışmaq istəyirlər: "Ancaq onların bir qismi işləmək üçün Xarici İşlər Nazirliyinə də gedir. Onlara tələbat elə böyükdür ki, dərhal xaricə göndərilir. Səfirlər hazırladığımız kadrlara görə həmişə bizə təşəkkür edirlər".

Hazırda universitet tərəfindən təyinat sisteminin olmadığını da nəzərə çatdıran H.Paşayev qeyd edib ki, məzunların işlə təmin olunmasını asanlaşdırmaq üçün təhsil ocağında karyera hazırlığı mərkəzi yaradılıb. Burada gənclərə karyera qurmaq üçün xüsusi kurslar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti