...

Bakı yol polisi səfərbər oldu

Cəmiyyət Materials 27 Fevral 2014 16:56 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün əməkdaşları paytaxt yollarında tıxacların və sıxlığın aradan qaldırılması məqsədilə təsirli tədbirlərin görülməsi üçün səfərbər ediliblər.
Bakı yol polisi səfərbər oldu

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün əməkdaşları paytaxt yollarında tıxacların və sıxlığın aradan qaldırılması məqsədilə təsirli tədbirlərin görülməsi üçün səfərbər ediliblər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə daxil olmuş müraciətlərin və gündəlik keçirilən tədbirlərin təhlili onu deməyə əsas verir ki, paytaxt ərazisində pik saatlarında süni sıxlığın və yaxud tıxaclara dayanmanı, durmanı qadağan edən nişanların təsir zonasında, eləcə də yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, piyada səkilərində avtomobillərin düzgün saxlanmaması nəticəsində yolun daralması səbəb olur. Bu isə nəticədə nəqliyyatın rahat və fasiləsiz hərəkətinə maneə yaradır: "Gün ərzində bu istiqamətdə təsirli tədbirlərin görülməsinə baxmayaraq, yenə də sürücülər qayda pozuntularına yol verirlər ki, bu da haqlı olaraq paytaxt sakinlərinin, eləcə də hərəkət iştirakçılarının narahatlığına səbəb olur. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün əməkdaşları səfərbər edilərək daha təsirli, daha ciddi tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq çox ciddi tədbirlərin görülməsi üçün reydlərə başlayıb".

Bölmə rəisi qeyd edib ki, istifadəyə verilmiş avtomobil duracaqlarının yaxınlığında, şəhərin mərkəzində dayanma, durma, parklanmanın qadağan edilməsini bildirən nişanların təsir zonalarında xidmət aparan yol polisi əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş qaydada avtomobilləri evakuasiya etməklə və inzibati protokol tərtib etməklə reydlər keçirirlər: "Artıq fevralın 27-də saat 14:00-dan 16:00-dək 2 saat ərzində paytaxtın Bülbül prospekti, eləcə də Şəmsi Bədəlbəyli, Səməd Vurğun, 28 May, Rəsul Rza, Nizami, Xaqani, Füzuli və başqa küçələrdə evakuatorların köməyi ilə 30-dan çox avtomobil cərimə meydançalarına aparılıb, 64 sürücü barəsində yerindəcə inzibati protokol tərtib edilib, evakuasiyası mümkün olmayan dar küçələrdə isə 40-dan artıq avtomobil barəsində fotomaterial hazırlanıb. Lakin sürücülər yol polisinin gördüyü tədbirlərə baxmayaraq, yenə də qanunun tələblərini pozmaqda davam edirlər. Məsələn, görülən tədbirlər nəticəsində Bülbül prospekti avtomobillərdən tam boşaldılmışdı, lakin üstündən cəmi 20 dəqiqə keçdikdən sonra yenə avtomobilləri qadağan olunmuş yerlərdə saxlayıblar. Belə çıxır ki, yol polisi əməkdaşı gərək 24 saat ərzində ərazidə dayanıb keşik çəksin. Ona görə də əhalini, avtomobil sahiblərini diqqətli olmağa çağırırıq və xahiş edirik ki, qanuna və bu qanundan irəli gələn tələblərə hörmətlə yanaşılsın".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ictimiayyətə, yol hərəkəti iştirakçılarına müraciət edərək onları bu istiqamətdə təsirli tədbirlərin görülməsi üçün keçirilən reydlərdə fəal iştirak etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti