...

"Gəzən kitabxana" daha 15 rayona səfər edəcək (FOTO)

Cəmiyyət Materials 7 May 2014 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi ən irimiqyaslı layihələrdən biri olan "Gəzən kitabxana" Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günə qədər Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevirdə olan "Gəzən kitabxana" layihəsinin əsas məqsədi kitabları fərqli şəkildə, fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq, əhalinin maariflənməsi işinə dəstək göstərməkdir.

İcrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakı şəhərində olub. "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Bakıda keçirilən beynəlxalq forumun ilk gününə təsadüf edən səyyar kitabxananın açılış lentini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəsib. Sonra kitabxana ilə yaxından tanış olan L.Əliyeva layihəyə uğurlar arzulayıb.

"Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada on min kitab və on min elektron nəşr var. Kitabsevərlərə pulsuz xidmət göstərən kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada üç dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə də təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar təqdim edilir.

Qeyd edək ki, kitab fondu zənginləşdirilmiş, xüsusilə elektron kitab bazası yenilənmiş "Gəzən kitabxana"nın bu ilin sonuna qədər 15 rayona səfəri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti