Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/
"ASAN xidmət" Gənclər Təşkilatı tərəfindən həyata keçirilən "Avtotəlim-2" layihəsinin başa çatması ilə bağlı yekun hesabat konfransı keçirilib.
Trend xəbər verir ki, "ASAN xidmət" Gənclər Təşkilatının sədri Fərid Sadıxlı deyib ki, cəmiyyətdə əsas problemlərdən biri də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Bu baxımdan gələcəkdə sükan arxasına oturacaq şəxslərin yol hərəkəti qaydaları haqqında müvafiq biliklərə sahib olması çox önəmlidir. Onun fikrincə, belə maarifləndirici layihələrin həyata keçirilməsi böyük önəm daşıyır və onların müsbət rolu çoxdur.
"Avtotəlim-2" layihəsinin rəhbəri Nahid İbrahimov isə qeyd edib ki, layihənin məqsədi gəncləri yol hərəkəti qaydaları haqqında daha çox maarifləndirmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə töhfə verməkdir: "Bu günədək layihədə iştirak etmək üçün yüzlərlə gənc müraciət edib, onlardan yalnız 135 nəfər növbəti mərhələyə keçə bilib. Gənclərə bir ay boyunca 8 təlim keçirilir. Sonda onlar sürücülük vəsiqəsi almaq imkanı əldə edirlər. Bunun üçün onlar Baş Dövlət Yol Polisi İdarəsində 2 mərhələdən ibarət imtahan verməli olacaqlar".
Sonda 1 aylıq sürücülük kurslarında iştirak etmiş və onları uğurla başa vurmuş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan 24 gəncə müvafiq sertifikatlar təqdim edilib.