...

Allahşükür Paşazadə: Azərbaycanın imkanlı şəxslərini xəstə uşaqlara yardım etməyə çağırıram (FOTO)

Cəmiyyət Materials 29 May 2014 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasına gələrək burada müalicə alan xəstələrə baş çəkib.

Trend-in məlumatına görə, Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevlə birlikdə xəstəxanada müalicə alan uşaqlara baş çəkib, onlara şəfa arzulayıb və hədiyyələr təqdim edib.

Sonra QMİ adından onkoloji xəstəlikdən əziyyət çəkən 63 uşağın müalicəsi üçün bədənə dərmanı avtomatik qaydada proqramlaşdırılmış şəkildə yeritmək üçün 65 ədəd infuzomat və dərman yeridilərkən damarı hər dəfə deşməmək üçün 65 katetor tədqim edilib. Qeyd edilib ki, hər cihazın qiyməti təxminən 1500 manatdır. Şeyxülislam xəstəxanaya və onkoloji xəstələrə "Qurani Kərim" hədiyyə edib. Bundan başqa QMİ sədri hər bir uşağa oyuncaqlar və noutbuklar bağışlayıb, onlara şəfa diləyib.

Şeyxulislam Allahşükür Paşazadə qeyd edib ki, onun üçün bu xəstəxanada olmaq həm çox şərəfli, həm də çox çətindir: "Bu gün burada gördüklərimdən çox təsirləndim. Allah bizi yaradıb. Allah bəla da, onun çarəsini də göndərib. Mən Allahdan bütün xəstələrə, o cümlədən onkoloji xəstələrə şəfa diləyirəm. Bu xəstəxanada xaricdə gördüyümdən də yaxşı şərait yaradılıb. Bu, əlbəttə ki, Allahın köməyi ilə və dövlət başçısının yardımı sayəsində olub".

Şeyxülislam bütün imkanlı şəxsləri xəstələrə yardım etməyə səsləyib: "Azərbaycanın imkanlı şəxslərini xəstə uşaqlara yardım etməyə çağırıram. Onlar az da olsa, utanmadan nə isə köməklik etsələr, biz cəmiyyətdə bu xəstəlikləri aradan qaldıra bilərik. Allaha dua edirəm ki, bu uşaqları analarının göz yaşlarına bağışlasın. Onlar göz yaşlarını məndən gizlətməyə çalışırdılar".

A.Paşazadə xəstəxanaya digərlərinə də nümunə olmaq üçün gəldiklərini deyib. O, gələcəkdə imkan olduqca bu kimi aksiyaların davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti