...

Əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilməsə, hüquqi qüvvəyə malik olmayacaq (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2014 14:21 (UTC +04:00)
Bakıda işəgötürənlərin əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadəyə dair sualları cavablandırılıb
Əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilməsə, hüquqi qüvvəyə malik olmayacaq (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elmar İlqaroğlu/

Bakıda işəgötürənlərin əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadəyə dair sualları cavablandırılıb

Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Yasamal və Qaradağ rayonlarının işəgötürənləri üçün "Açıq qapı" günü - vətəndaş forumu keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Forumda ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin cari il iyulun 1-dən istifadəyə verildiyi nəzərə çatdrılıb. Qeyd olunub ki, əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onun elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməmişdirsə həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi şərtdir.

Tədbirdə vurğulanıb ki, əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə güclənməsinə, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxaracaq.

Qeydiyyatdan keçirilmiş əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat forması olmaqla, həmin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir.

İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaqdır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcək.

Forumda işəgötürənlərin sualları ətraflı cavablandırılıb, sistemdən istifadə qaydaları əyani nümayiş etdirilib. Eyni zamanda, EİS-dən istifadədə işəgötürənlərə əməli köməklik göstərilməsi üçün bütün bölgələrdə "Yardımçı masaları"n yaradıldığı, müvafiq metodiki göstərişlərin və yardımçı materialların ƏƏSMN-in rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, nazirliyin "142-Çağrı mərkəzi"nin müvafiq məlumatlandırma funksiyalarını yerinə yetirdiyi də işəgötürənlərin diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti