Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Vüqar İmanov/
Şamaxı Azərbaycanın ən qədim, tarixi-mədəni abidələrlə zəngin bölgələrindən biridir.
Trend Şamaxının ən qədim tarixi abidələrindən bəzilərinin görüntüsünü təqdim edir
Qəleybuğurt və ya Buğurt qalası
Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə, Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Mənbələrdə Buğurt qalası da adlandırılan qalanın XIII əsrdə tikildiyi qeyd olunur. Qalanın adına XV əsrə aid qaynaqlarda daha çox rast gəlinir.
1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas Mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Səfəvi-Osmanlı müharibələri zamanı Osmanlılar bu qalanı ələ keçirib öz dayaq mərkəzinə çevirmişdilər. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.
XVII əsrin monumental abidələri sırasına daxil edilməyə layiq olan memarlıq nümunələrindən biri Şamaxının Kələxana kəndindəki türbələr kompleksidir. Təxminən 205x150 metr sahədə yerləşən bu türbələrin sayı vaxtilə 9 olmuşdur. Hazırda isə onlardan 8-i qalır. Bunlardan yeddisi yaxşı qalmışsa da,səkkizinci türbə dağınıq haldadır.
Kələxana türbələri
Tikintisi XVII əsrdə tamamlanan türbələrin hansısa təsəvvüf təriqətinə mənsub dərvişlərə məxsus olduğu deyilir.
Hazırda 7 türbə ilkin görünüşünü saxlasa da, bir türbə qəzalı vəziyyətdədir.
Üçüncü türbənin qarşısında onu əhatə edən divar və divarın bir tərəfində giriş portalı şəklində düzəldilmiş tikililər var. Kələxana türbələri Azərbaycan memarlığı üçün səciyyəvi olan səkkizbucaqlı türbələrdir. Türbələrin gövdəsi səkkizbucaqlı prizma, örtükləri isə səkkizbucaqlı piramida şəklindədir. Türbələrin hamısına səliqə ilə yonulmuş ağ daşdan üz çəkilib.
Kələxana türbələri bir-birinə çox oxşamır, onların hər birinin özünəməxsus xüsusiyyətlərə malikdir. Türbələrin fərdi xüsusiyyətlərini, əsasən, onların giriş qapısında görmək mümkündür. Burada hər türbənin qapısı müxtəlif şəkilli çərçivəyə alınıb, bəzi qapıların yuxarısında isə lövhələr yerləşdirilib. Türbələrin birinin üzərində kitabə var ki, burada binanın 1663-cü ildə Sərkər Əbdülün rəhbərliyi ilə tikildiyi göstərilib.
Avaxıl qəbiristanlığı
Şamaxının Avaxıl kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar mövcuddur.
Avaxılda bu kənddə XIV yüzildə yaşamış, xəlvətilik məktəbinin yaradıcısı, alim, filosof Pir Ömər Avaxılı Şirvaninin məqbərəsi - "Ömər Sultan ziyarətgahı" da tapılıb. Köhnə qəbiristanlıqda daş divarlarla yanaşı, rəvayətə görə Pir Ömərin gövdəsində 40 gün xəlvətə çəkilib riyazatla məşğul olduğu uzunömürlü ağac da qalır.