...

Azərbaycan elminin mayakı

Cəmiyyət Materials 9 Dekabr 2014 10:24 (UTC +04:00)
1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti olduqca əhəmiyyətli, tarixi qərar qəbul etdi.
Azərbaycan elminin mayakı

Azərbaycan, Bakı, 9 dekabr /Trend, Vəfa Şairova/

Tarixə nəzər

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti olduqca əhəmiyyətli, tarixi qərar qəbul etdi. Həmin qərara əsasən, Azərbaycanda ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti təsis edildi. Yaradılmasından 11 il sonra - 1930-cu ildə Xalq Komissarları Sovetinin qərarı ilə yenidən qurulma adı ilə Azərbaycan Dövlət Universiteti (1922-ci ildə ali təhsil ocağının adı dəyişdirilərək məhz belə adlandırılmış və 1991-ci ilədək bu ad ilə fəaliyyət göstərmişdir) ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. 1934-cü ildə universitet yenidən işə başladı və respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi.

Bu ali təhsil ocağının alimləri 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılmasında xüsusi rol oynayıblar . Ölkənin ali məktəblərinin əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və s. məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

1969-cu ildən sonrakı dövrdə ali məktəbin həyatında mühüm müsbət dəyişikliklər baş verdi. Bu, universitetin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

Müasir BDU

Bakı Dövlət Universiteti daha böyük uğurlarını təbii ki, müstəqillik illərində qazanıb. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilib və həmin vaxtdan bu ali məktəb fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Hazırda BDU-nun 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 60 ixtisas, magistratura pilləsində isə 199 ixtisaslaşma üzrə 20 minə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 3 milyondan artıq ədəbiyyatı olan fonda malikdir, 14 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq hər gün universitetin müəllim və tələbələrinin istifadəsindədir.

BDU yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 125 kafedranı, 250-dən çox elmi əməkdaşı olan 29 elmi-tədqiqat laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunu və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

Universitetin beynəlxalq əlaqələri

BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox ali məktəblərini özündə birləşdirən Avroasiya Universitetlər, Xəzəryanı Ölkələr Universitetləri, Qara Dəniz Universitetləri (QDU) və Avropa Universitetləri assosiasiyalarının üzvüdür. Universitet 2002-2004-cü illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik edib. Bundan əlavə, BDU M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya), Orta Doğu Texniki Universiteti (Türkiyə), Nitsa-Sofiya Antipolis Universiteti (Yunanıstan), İndiana Universiteti (ABŞ), Kiyev Milli Universiteti (Ukrayna), Vyana Universiteti (Avstriya), Qahirə Universiteti (Misir), Gunma Universiteti (Yaponiya), Vinicki Dövlət Texniki Universiteti (Ukrayna), Sarbonna Universiteti (Fransa), Montpellier Universiteti (Fransa), Pay-Çay Universiteti (Koreya), Varşava Universiteti (Polşa), İstanbul Aydın Universiteti (Türkiyə), Yıldız Texniki Universiteti (Türkiyə) və digər ali məktəblərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, doktorant təhsil alır.

Universitetin diplomları dünyanın bir çox dövlətlərində tanınır.

Elmi nailiyyətlər

Bakı Dövlət Universiteti son dövrlərdə elmin bir çox sahələrində böyük nailiyyətlər əldə edib. BDU-nun Fizika fakültəsinin dekanı, fizika elmləri doktoru, professor, universitetin Nanomaterialların fiziki kimyası kafedrasının müdiri Məhəmmədəli Ramazanov Trend-ə bildirib ki, son zamanlar BDU-da Fizika və paralel olaraq Kimya, Biologiya, eləcə də Ekologiya və torpaqşünaslıq fakültələrində müştərək tədqiqat işləri aparılır. Bunlar əsasən nanotexnologiya istiqamətində olan tədqiqat işləridir.

M.Ramazanov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra universitetdə fizika, kimya, biologiya sahəsinə tədris laboratoriyaları yenilənməyə başladı: "Yalnız bircə faktı deyə bilərəm ki, son iki ildə BDU-nun Fizika fakültəsində umumi dəyəri 300 min dollardan artıq olan tədris laboratoriyası qurulub. Ümumilikdə 7 laboratoriya yaradılıb və burada 180-dən artıq laboratoriya işi aparmaq olar. Fizika fakültəsində yeni laboratoriyalar, təhsilin bakalavr və magistr pilləsində oxuyan tələbələr üçün bütün şərait yaradılır. Dünyada belə bir model var. O universitetlər güclü universitet sayılır ki, onlar elm tutumlu olsun. Ümumiyyətlə, ölkə o zaman güclü hesab olunur ki, onun sənayesi elm tutumlu olsun. Xammala söykənən zəngin dövlətlər dağılmaya məruz qalır. Azərbaycanda da sənayenin elm tutumlu olması istiqamətində işlər aparılır və düşünürəm ki, bu işlərin güclənməsi bu gün artıq tarixi zərurətdir. Bu gün Azərbaycan dövlətinin gəliri xalqın tarixində maksimum həddədir. Ona görə də bu gəlirlərin intellektual mülkiyyətin inkişafına yönəldilməsi vacibdir. Son 20 ildə Azərbaycanın orta təhsil sistemində oxuyan şagirdlərin beynəlxalq fizika, riyaziyyat, biologiya, kimya olimpiadalarında qazandığı qızıl, gümüş və bürünc medalların sayı göstərir ki, intellektual potensial var. Azərbaycanın zəngin xammalı da var. Bu zəngin xammaldan gələn gəlirlərin intellektual mülkiyyətin inkişafına yönəldilməsi Azərbaycan iqtisadiyyatına, ölkə elminin inkişafına çox güclü təsir göstərər".

Professor qeyd edib ki, 2005-ci ildən Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində intensiv tədqiqat işləri aparılır: "Bu elm gənc elmdir. Amma bu gün dünya nanotexnologiyanın inkişafı, nanotexnologiya məhsullarının istehsalından milyardlarla dollar gəlir götürür. Yalnız bir faktı qeyd edim, məndə olan məlumatlara görə, hazırda dünyanın 62-dən çox ölkəsində nanotexnologiya sahəsində dövlət proqramı qəbul edilib. Bu proqramların arxasında trilyonlarla dollar vəsait durur. Dünyanın inkişaf etmiş, elmə böyük vəsaitlər qoyan, dünyada elmi mülkiyyətin öz ölkələrinin inkişafına xidmət etməsini istəyən dövlətlər bu sahəyə böyük maliyyə qrantları ayırır və Azərbaycanın, o cümlədən də Bakı Dövlət Universitetinin alimləri də bu qrantlardan kifayət qədər yaxşı bəhrələnirlər. 2007-2014-cü illərdə universitetin "Nano araşdırmalar laboratoriyası"nda ümumi dəyəri 6 milyon dollardan artıq olan qrant layihələri işlənib. Rəsmi əmrlə 2005-ci ildə yaradılan "Nano araşdırmalar laboratoriyası"na ilk cihaz 2006-cı ilin yayında alınıb. Bundan sonra universitetin büdcəsi, əsasən də beynəlxalq qrant layihələri hesabına laboratoriyaya çoxlu sayda cihaz və avadanlıqlar alınıb. Bu cihazlar və maddi-texniki baza ilə "Nano araşdırmalar laboratoriyası"nda çalışan alimlər xarici donor ölkələrdən böyük maliyyə qrantlarını Azərbaycana gətiriblər".

Onun sözlərinə görə, laboratoriyada olan cihaz və avadanlıqların təxminən 70 faizi qrantlar hesabına alınıb. Bu laboratoriyada nanotexnologiyanın bir çox istiqamətlərində tədqiqat işləri aparılır: "Bunlardan biri müxtəlif ölçülərə malik və fərqli fiziki-kimyəvi xassəli yeni nanostrukturların alınma texnologiyasının öyrənilməsidir. Nanohissəciklərin canlı sistemlərə, xüsusən bitkilərə, onların həyat qabiliyyətinin artmasına, həyat fəaliyyətinin pisləşməsinə təsiri ilə bağlı qrant layihələri yerinə yetirilir. Bunlardan biri - İsveçrə Milli Elm Fondunun maliyyə dəstəyi ilə nanotoksikologiya sahəsində həyata keçirilən qrant layihəsi İsveçrə Federal Texnologiya İnstitutu ilə birgə uğurla başa çatdırılıb. Həmin layihə çərçivəsində bitki hüceyrələrinin membranından nanohissəciklərin hüceyrənin daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına təsiri mexanizmi tədqiq olunub. Bu sahə artıq dünyada nanotoksikologiya deyilən yeni elmi istiqamətdir".

M.Ramazanov bildirib ki, nanotexnologiyanın nanotoksikologiya deyilən zərərli sahələrinin öyrənilməsi də vacibdir: "Azərbaycanda da bu sahədə tədqiqat işlərinin aparılması tarixi zərurətdir. Biz istəsək də, istəməsək də, müxtəlif ərzaqlarda, geyimlərdə, kosmetik vasitələrdə Azərbaycana nanotexnologiya məhsulları və bunların içərisində müxtəlif nanostrukturlu materiallar gələcək. Ona görə də bu cür materialların canlı orqanizmlərə təsir mexanizmini öyrənməyə məcburuq və ən azı bunlardan özümüzü qorumağı bacarmalıyıq".

Professor qeyd edib ki, universitetdə ekoloji problemlərin həllində nanotexnologiyadan istifadə ilə bağlı da tədqiqat işləri aparılır: "Nazik neft təbəqələrinin suyun səthindən təmizlənməsi istiqamətində texnoloji təkliflər hazırlanıb. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi üçün zəruri olan bəzi nanostrukturlar işlənir. BDU alimləri Almaniyanın Heydelberq Universitetinin Onkoloji Araşdırmalar Mərkəzi ilə birgə şiş hüceyrələrinə dərman maddələrinin daşınması istiqamətində də tədqiqat işləri aparıb. Bu tədqiqat işi çərçivəsində Azərbaycanda şiş hüceyrələrinin inkişafını ləngidən dərman maddələri dəmir nanohissəciklərin üzərinə yerləşdirilib və şiş hüceyrələrinə təsiri Almaniyada tədqiq olunub. Sözügedən tədqiqatın nəticələri bu yaxınlarda yüksək impakt faktorlu jurnallarda elmi məqalə şəklində dərc edilib".

M.Ramazanov bildirib ki, "Nano araşdırmalar laboratoriyası"nda nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı da tədqiqat işləri aparılır: "Uzun müddət istismar olunmuş, aktivliyini itirmiş, köhnəlmiş, istismara yararsız hala düşmüş quyularda qalıq neftin çıxarılması üçün katalitik metal nanohissəciklərin quyulara vurulması və orada qazayrılmanın intensivliyinin artması hesabına quyularda təzyiqin artması prosesi baş verir və bu da neft hasilatını yaxşılaşdırır. Belə bir tədqiqat işi ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi ilə birgə qrant layihəsi çərçivəsində uğurla yerinə yetirilib. Hazırda universitetdə Avropa alimləri tərəfindən çox böyük dəyər verilən nanotexnologiyanın ekoloji problemlərə təsiri ilə bağlı tədqiqat işləri aparılır və bunun artıq dünya təhsil sisteminə transferi məsələləri haqqında düşünülür".

Professor onu da qeyd edib ki, BDU-nun alimləri İtaliyanın La Sapienza, Fransanın Paris, Yunanıstanın Patras universitetləri və Azərbaycan Təhsil Nazirliyi ilə birgə "Nanoekologiya" adlı postmagistr proqramı üzrə kadr hazırlığına başlayıblar: "Nanotexnologiya, nanomühəndislik, ekoloji mühəndislik ixtisaslarını bitirən 12 azərbaycanlı gənc xüsusi müsabiqə ilə seçilib və onların Avropa İttifaqının təklif etdiyi "Nanoekologiya" postmagistr proqramı üzrə hazırlığına başlanılıb. Bu tələbələr nəzəri hissəni Azərbaycanda - Bakı Dövlət Universitetində avropalı və yerli alimlərdən öyrənirlər. Sonda onlar 30 kreditlik imtahanlar verəcəklər və bu imtahanlardan uğurla keçənlər La Sapienza, Paris və Patras universitetlərində postmagistr dissertasiyalarını yerinə yetirmək üçün o ölkələrə gedəcəklər. Bu tələbələrin bütün maliyyə xərcləri Aİ tərəfindən ödəniləcək. Ümumi plan belədir ki, postmagistr proqramını uğurla başa çatdırmış bu tələbələr gələcəkdə doktoranturaya bu ölkələrin alimləri ilə birlikdə hazırlansınlar. Bu da Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyasına ən gözəl töhfədir. Universitetdə gənclərin hələ tələbə vaxtından elmi işlərə cəlb edilməsi, onların işə qəbul olunması məsələsi rektor Abel Məhərrəmovun siyasi xəttidir".

M.Ramazanov bildirib ki, "Nano araşdırmalar laboratoriyası" yarandıqdan indiyədək impakt faktorlu jurnallarda 72 məqalə dərc olunub, ABŞ-da bir monoqrafiya çap edilib, Azərbaycan dilində "Nanotexnologiya" dərsliyi hazırlanıb: "Laboratoriya kitabları dərc edilib, 12 fəndən proqramlar yaradılıb, 3 ixtisas - nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya istiqamətində magistr proqramları tərtib olunub və artıq bu istiqamətlərdə universitetdə magistr hazırlığına başlanılıb. Doktorantura pilləsində isə hazırda nanohissəciklərin fizikası və texnologiyası, nanokimya istiqamətlərində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlanır. Bu, BDU-da bir elmi istiqamətdə aparılan işlərdir. Güman edirəm ki, bu elmi işlər yaxın zamanlarda Azərbaycan iqtisadiyyatı və sənayesinin inkişafında öz sözünü deyəcək".

BDU kimyaçılarının uğurları

Bakı Dövlət Universitetində mühüm uğurlar əldə edilmiş elm sahələrindən biri də kimyadır. Bu sahədə elmi nailiyyətlər barədə məlumat verən Kimya fakültəsinin dekan müavini, kimya elmləri namizədi, dosent Namiq Şıxəliyev Trend-ə bildirib ki, Azərbaycanın yenidən müstəqilliyini əldə etdiyi ilk illərdə digər sahələrdə olduğu kimi, universitetdə kimya sahəsində də müəyyən çətinliklər meydana çıxıb: "BDU Azərbaycan elminin flaqmandır. Universitetdə müxtəlif illərdə alimlər tərəfindən elmi məktəblər yaradılıb. Bu elmi məktəblərin yaradılmasında, əlbəttə, keçmiş SSRİ təhsil müəssisələrinin - Moskva Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, ovaxtkı Leninqrad Dövlət Universiteti və digərlərinin xidmətləri olub. Bizim alimlərimiz həmin məktəblərdə təhsil alaraq elmi fəaliyyətlərini Azərbaycanda davam etdirmişlər. Müstəqillik əldə etdikdən sonra bu əlaqələr, demək olar ki, tamam kəsildi. Azərbaycan elmi tək özü ilə qaldı. Bizim alimlərimiz nə bilirdilərsə, onları öyrətməyə başladılar, bu da əksər hallarda müasir tələblərə cavab vermirdi. O vaxt BDU-da hər hansı maddəni sintez etdikdə onun fiziki parametlərini öyrənmək, fiziki yolla onun quruluşunu təsdiqləmək üçün heç bir cihazımız yox idi. Maddələri Moskvaya aparır, çox vaxt da pul verirdik ki, bizim sintez etdiyimiz maddənin spektrini çəksinlər. Bu da çox vaxt problemlər yaradırdı. Lakin bu çətinliklər dövlət səviyyəsində tədricən ilbəil öz həllini tapdı. Mən burada rektorumuz, akademik Abel Məhərrəmovun rolunu xüsusi qeyd etmək istərdim".

N.Şıxəliyev qeyd edib ki, 2007-ci ildə BDU-da rentgenstruktur analiz laboratoriyası qurulub: "Həmin laboratoriya üçün Almaniyanın "Bruker" firmasının SMART APE II Rentgen Difraktometr cihazı alınıb. 0,5 milyon avro qiyməti olan bu cihazdan Qafqazda yoxdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində isə bu yaxınlarda əldə edilib. Bundan əvvəl 2002-ci ildə universitetdə nüvə maqnit rezonansı laboratoriyası yaradılıb. Laboratoriyada Almaniyanın "Bruker" firmasının istehsalı olan bir çox nüvələri təyin etmək imkanına malik, impuls rejimində işləyən "BRUKER 300" FT NMR spektrometri fəaliyyət göstərir. Bu cihaz vasitəsilə sintez etdiyimiz maddələrin spektrini çəkə bilirik. Hətta deyərdim ki, həmin illərdə Gürcüstan Dövlət Universitetinin kimyaçıları artıq Moskvaya getmirdilər və maddələrin spektrini gəlib BDU-da çəkirdilər. Bu cihazın üstünlükləri nədən ibarətdir? İndi dünyada hər hansı bir elmi tədqiqat işi aparıldıqda onun nəticələri müasir cihazlarla təsdiqlənməlidir. Hazırda BDU-da rektor Abel Məhərrəmovun rəhbərliyi ilə 3-4 qrup elmi tədqiqat işi aparır. Çoxlu maddələr sintez edirik və onların quruluşları da həmin cihaz vasitəsilə təsdiqlənir. Ona görə də deyərdim ki, bu cihazın (rentgen) alınması universitet kimyaçıları üçün böyük hədiyyədir".

Onun sözlərinə görə, rentgenstuktur analiz, "Zərif üzvi sintez" elmi-tədqiqat, NMR spektroskopiya laboratoriyalarının yaradılması elmin inkişafı üçün atılmış mühüm addımdır: "Abel Məhərrəmov uzaqgörən elm xadimi kimi bütün bunların yaradılmasının vacibliyini görür. O, istəyir ki, bizim özümüzün məktəbimiz yaransın. Rentgen Difraktometr cihazı vasitəsilə əldə olunmuş nəticələr hesabına bizim elmi məqalələrimiz hazırda Avropada A kateqoriyalı jurnallarda qəbul olunur. Dünyada elmi elektron baza deyilən bir sistem var. Oraya üzvlük haqqı çox yüksəkdir. Müəyyən reaksiyanı aparmazdan əvvəl həmin bazadan bundan əvvəl belə bir reaksiyanın aparılıb-aparılmadığına dair məlumat əldə etmək mümkündür. Bakı Dövlət Universiteti hazırda yalnız dünya kimyaçılarının elmi bazasına qoşulub. Çünki ümumi elmi bazaya qoşulmaq üçün ildə 90 min manat abunə haqqı ödənilməlidir. Biz bu məsələni Azərbaycan Prezidenti yanında Elm Fondu, Azərbaycan Milli Elmlər Akademiyası qarşısında qaldırmışıq. BDU hazırda həmin bazadan müxtəlif xarici ölkələrdə elmi fəaliyyətlə məşğul olan məzunlarının köməyi ilə istifadə edir. Ancaq həmin bazaya üzvlük məsələsi gündəmdədir. Abel Məhərrəmov onların nümayəndələrini universitetə dəvət edib, onlar da gəliblər və müvafiq müzakirələr aparılıb".

Dosent qeyd edib ki, həmin elektron bazada 1864-cü ildən bəri dünyada çap olunan bütün elmi məqalələr cəmlənib: "Bu bazanın əhəmiyyəti nədən ibarətdir? Bəzən illərlə çalışmışıq, zəhmət çəkmişik, məqaləni yazıb göndərmişik, məlum olub ki, bu, artıq işlənib. Hazırda isə yalnız aparılması nəzərdə tutulan reaksiyanı yazıb bazada axtarış verməklə indiyədək onun aparılıb-aparılmadığını öyrənmək olar. Bu bazada istənilən bir alimin adını yazıb onun bütün göstəriciləri ilə tanış olmaq mümkündür. Bu günə qədər həmin bazada Abel Məhərrəmovun 231 məqaləsi yerləşdirilib. Akademikin məqalələrinə 660-dan çox istinad var. Bu bazaya yalnız impakt faktoru olan məqalələr daxil edilir. Qeyd edim ki, ötən il Kimya fakültəsinin yalnız Üzvi kimya kafedrasının 18 elmi məqaləsi impakt faktorlu jurnallarda dərc olunub. Digər kafedraların da elmi məqalələri A kateqoriyalı jurnallarda çap edilib. Bir məsələni də qeyd edim ki, rektor Abel Məhərrəmov belə bir tapşırıq verib ki, doktoranturaya qəbul olan hər bir tələbəyə xaricdən ikinci rəhbər seçmək lazımdır. Bunda məqsəd odur ki, müasir elmlə ayaqlaşmaq üçün yeni mövzular tapılsın və bu istiqamətlərdə elmi işlər aparılsın".

N.Şıxəliyev bu günlərdə BDU-nun əldə etdiyi daha bir uğur barədə də məlumat verib: "Bizim qeyri-kovalent əlaqələr hesabına üzvi sintezdə reaksiyaların istiqamətlənməsi sahəsində nailiyyətlərimiz var. Bu sahədə tanınmış alimlərin sayı çox deyil. Elmi işlər var, lakin azdır. Biz də belə qərara gəldik ki, bu sahədə bir monoqrafiya çap etdirək. Bu monoqrafiya Avropanın nüfuzlu "Wiley" elmi nəşriyyatında çap olunacaq. Həmin nəşriyyatda indiyədək Azərbaycandan kimya sahəsində heç bir kitab nəşr edilməyib. Bu monoqrafiya ilk olacaq. 6 ay bundan əvvəl biz həmin nəşriyyata müraciət etmişdik. Artıq bizə cavab gəlib ki, monoqrafiyanın çapına razılıq verilib. Bu, özü də böyük uğurdur. Biz bu sahədə elmi işlər aparan dünya alimlərinə məktubla müraciət etmişik ki, belə bir monoqrafiya çap edirik və siz də bu kitabda dərc olunması üçün öz işlərinizi təqdim edin. Monoqrafiya akademik Abel Məhərrəmovun elmi rəhbərliyi ilə nəşr olunacaq. Monoqrafiyada 26-30 bölmə olacaq ki, onun da 4-nü biz yazmışıq. Bu monoqrafiya universitetin 95 illik yubileyinə həsr olunur".

BDU kimyaçılarının uğurlar bununla bitmir. 2013-cü ildə universitetin yetirməsi, kimya elmləri doktoru Kamran Mahmudovun elmi məqaləsi impakt faktoru 12 olan "Coordination Chemistry Reviews" jurnalında çap olunub (Mahmudov K.T.*, Kopylovich M.N., Pombeiro A.J.L. Coordination chemistry of arylhydrazones of methylene active compounds. Coordination Chemistry Reviews, 2013, 257(7-8), 1244-1281. DOI:10.1016/j.ccr.2012.12.016 Impact factor 12.10 http://dx.doi.org/10.1016/j.ccr.2012.12.016).

Bu, Azərbaycanda bir ilkdir. Çünki indiyədək belə yüksək impakt faktorlu jurnalda Azərbaycan alimlərinin məqaləsi dərc olunmayıb. Müqayisə üçün, Azərbaycandakı bütün elmi jurnalların, Moskva Dövlət Universitetinin elmi nəşrinin impakt faktoru 0-dır, Rusiya Elmlər Akademiyasının jurnalının impakt faktoru 0,5-dir. Qeyd edək ki, impakt faktoru 2-dən yuxarı olan jurnallar A kateqoriyasına daxildir.

2014-cü ildə həmin jurnalda Azərbaycan alimlərinin daha bir məqaləsi dərc edilib (Mahmudov K.T., *Kopylovich M.N., Maharramov A.M., Kurbanova M.M., Gurbanov A.V., Pombeiro A.J.L. Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds, Coordination Chemistry Reviews, 2014, 265, 1-37. Impact factor 12.10 http://dx.doi.org/10.1016/j.ccr.2014.01.002).

K.Mahmudov 2009-cu ildə Portuqaliyanın Elm Fondunun qrantını qazanıb və həmin ildən Lissabon Universitetində Lissabon Elmlər Akademiyasının vitse-prezidenti akademik Armando J.L. Pombeironun laboratoriyasında elmi tədqiqat işi apararaq Azərbaycanı layiqincə təmsil edir.

Məqalə BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti