Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən partiya fəallarının təbliğat kampaniyası uğurla davam edir. Növbəti tədbir Hacıkənd qəsəbəsində Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış xüsusi yerdə keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, təbliğat qrupunun üzvləri, bələdiyyə üzvlüyünə namizədlər, seçicilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri N.Həmzəyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan nailiyyətlərdən, regionların sosial-iqtisadi inkişafından, ölkə rəhbərliyinin Gəncəyə göstərdiyi diqqət və qayğıdan, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərindən, Hacıkənd qəsəbəsinin son illərdə öz görkəmini tamamilə dəyişməsindən, sakinlərin işıq, qaz, su problemlərinin həll olunmasından, burada yeni mühüm tikililərin istifadəyə verilməsindən danışıb və bu vacib işlərin görülməsində bələdiyyələrin də rolu olduğunu diqqətə çatdırıb.
O, sayca dördüncü olan bələdiyyə seçkiləri, bələdiyyələrin fəaliyyət funksiyaları barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanda bələdiyyə seçkiləri çox vacib siyasi hadisədir. Ölkəmizdə yerli özünüidarəetmə institutunun yaradılmasından keçən 15 il ərzində bələdiyyələr inkişaf edib, dövlət tərəfindən zəruri addımlar atılıb, onların qanunvericilik bazası gücləndirilib. Ökəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin sosial rifah halının yaxşılaşdırılmasına birbaşa yönəldilib. Təbii ki, bu prosesdə bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. Bələdiyyələr yerlərdə demokratiyanın göstəricisidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası namizədlərini seçərkən perspektivli, Vətənə, dövlətə sədaqətli, ziyalı, potensiallı, ali təhsilli gənclərə və qadınlara xüsusilə üstünlük verib.
N.Həmzəyev seçkilərin demokratik, şəffaf, ədalətli şəkildə keçəcəyinə əmin olduğunu, Azərbaycanın son 10 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini, bələdiyyə seçkilərində vətəndaşların dövlətin apardığı siyasətə səs verəcəklərinə inandığını ifadə edib.
Təbliğat qrupunun üzvlərindən Gəncə Dövlət Universitetinin baş müəllimi Üzeyir Balakişiyev, ADAU-nun baş müəllimi Elgün Aslanov, Azərbaycan Texnologiya Universitetinin dekanı, dosent Namiq Davudov ötən müddət ərzində partiyanın bir sıra uğurlara imza atdığını, prezident, parlament və bələdiyyə seçkilərində davamlı olaraq qələbə qazandığını, seçki praktikasının ildən-ilə təkmilləşdirildiyini, xalqın qətiyyətli iradəsi və rəyi ilə ədalətli və şəffaf seçkilərin keçirildiyini qeyd ediblər. Yeni Azərbaycan Partiyasının Azərbaycanda bütün seçkilərdə qalib gəldiyini vurğulayaraq, seçkilərdə partiya namizədlərinə müvəffəqiyyətlər diləyib və seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri olan Kərim Hüseynov, Elmira Məmmədova YAP-ın namizədi kimi bələdiyyə seçkilərində iştirakdan qürur duyduqlarını, göstərilən etimadı şərəflə doğruldacaqlarını, Yeni Azərbaycan Partiyasının şərəfini əməli işlərində daim uca tutacaqlarını bildiriblər.