...

Kamal Abdullayev: "Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz"

Cəmiyyət Materials 30 Yanvar 2015 10:57 (UTC +04:00)
"Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz.
Kamal Abdullayev: "Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz"

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

"Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Təpəgöz" boyunun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumunun açılışında deyib.

K.Abdullayev bildirib ki, bu kollokvium dərin intellektual məzmuna malik hadisədir: "İlk dəfədir ki, Dədə Qorqud adı altında Azərbaycanın müxtəlif konfessiyalarının nümayəndələri bir yerdə toplaşıblar. Bu, bir daha göstərir ki, "Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz. "Dədə Qorqud" bir məkanla məhdudlaşan abidə deyil, dünya çapında müxtəlif xalqlar üçün psixoetnik hadisədir. Onu elmi müstəviyə çıxaran alimlər isə türkologiya və germanistikanın yaxınlaşmasını təmin etdilər".

Onun sözlərinə görə, Dastanın "Təpəgöz" boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar tədbirlərin ölkə daxilində və xaricdə ilboyu keçirilməsi nəzərdə tutulur. "Kitabi-Dədə Qorqud" dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təqdimi formalarından biridir.

"Kitabi-Dədə Qorqud" dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram kollokviumun əsas müzakirə mövzusudur. 50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq kollokviumda "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin ümumi rəyi əsasında qərar qəbul olunacaq. Beynəlxalq ollokviumun üzvləri yerli və xarici elm adamlarıdır.

Kollokviumda çıxış edənlər qeyd ediblər ki, "Dədə Qorqud" dastanın araşdırılması dünya elminə veriləcək böyük töhfə olacaq.

İki gün davam edəcək beynəlxalq kollokviumda Azərbaycanla yanaşı, Rusiyadan, Türkiyədən, Gürcüstandan, Qazaxıstandan, İtaliyadan məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar təmsil olunurlar. Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudi və başqa icmaların rəhbər şəxsləri iştirak edirlər. Kollokviumun fərqli cəhətlərindən biri ondan ibarətdir ki, müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar, türkoloqlar, bir sözlə, müxtəlif sahələrin elm adamları qatılıblar. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində keçiriləcək.

Tədbirdə həmçinin qeyd edilib ki, "Kitabi-Dədə Qorqud" dastanının geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi, o cümlədən öyrədilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1950-ci ildə pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi yasaqlanmış "Kitabi-Dədə Qorqud" 1957-ci ildə yenidən tədqiqata cəlb olunub. 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, "Dədə Qorqud" bədii filmi çəkilib. Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında Fərman və 1999-cu il fevralın 21-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" Sərəncam imzalayıb. Növbəti Fərman isə 2000-ci ildə "Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması" haqqında verilib.

Prezident İlham Əliyev də bu ənənəni əzmlə davam etdirib. Dövlət başçısı 2007-ci ildə "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalayıb.

2013-cü ildə Dədə Qorqud parkı salınıb və "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il Prezident İlham Əliyev "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti