...

"Xocalı faciəsini dünyaya tanıdaq!" (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 16:11 (UTC +04:00)
Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyasına dəstək olmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən silsiləli olaraq tədbirlər təşkil edilir.
"Xocalı faciəsini dünyaya tanıdaq!" (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyasına dəstək olmaq məqsədi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən silsiləli olaraq tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı Kəlbəcər rayon orta məktəbində faciənin 23-cü ildönümünə həsr olunmuş "Xocalı faciəsini dünyaya tanıdaq!" adlı tədbir keçirmişdir.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında vurğuladı ki, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Beləliklə "Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi.

Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. "Xocalıya ədalət" kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Tədbirdə məktəbin direktoru Tahir Rəhimov çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Bu soyqırım 23 il əvvəl baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi.

Daha sonra tədbirdə faciənin əks olunduğu videogörüntü nümayiş etdirildi, məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən kompozisiya göstərildi və şeirlər səsləndirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti