...

“Milan Expo 2015” sərgisində Azərbaycanın milli pavilyonu çox populyardır (FOTO, VİDEO – 1-ci hissə)

Cəmiyyət Materials 5 İyun 2015 11:34 (UTC +04:00)
Beynəlxalq "Milan Expo 2015" sərgisində Azərbaycanın pavilyonunda təqribən 1 milyon ziyarətçi olub.
“Milan Expo 2015” sərgisində Azərbaycanın milli pavilyonu çox populyardır (FOTO, VİDEO – 1-ci hissə)

İtaliya, Milan, 5 iyun /Trend, müəllif, foto Elçin Hüseynov/

Beynəlxalq "Milan Expo 2015" sərgisində Azərbaycanın pavilyonunda təqribən 1 milyon ziyarətçi olub.

"Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgi mayın 1-dən Milanda fəaliyyətə başlayıb. Sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, qalanları klasterlərlə (ekspoziyalar) təmsil olunur.

Azərbaycan pavilyonunda 1 ay ərzində 900 mindən çox ziyarətçi olub. Milli pavilyondan Trendə verilən məlumata əsasən, ziyarətçi axını çoxdur və hər gün təqribən 10 min nəfər sərgini ziyarət edir. Ümumilikdə, milli pavilyonlarda ziyarətlərin sayı o qədər çoxdur ki, beynəlxalq sərginin rəhbərliyi həftə sonları Expo-nun iş saatını 24:00-a kimi uzatmaq qərarına gəlib.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi sayəsində Azərbaycan ilk dəfə "Milan Expo 2015" sərgisində təqdim edilib. "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlandırılan 4 mərtəbəli milli pavilyonun təməli ötən il iyulun 1-də qoyulub.

Bu layihənin reallaşdırılması üçün 300 yerli və xarici mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb. 1800 m2 ərazidə təşkil olunan milli pavilyonda ölkənin tarixi və mədəni irsi, zəngin ekoloji, enerji potensialı və unikal biomüxtəlifliyi tərənnüm edilir.

Azərbaycan "Milan Expo 2015" beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri Azərbaycanın pavilyonda inşaat və dizayner işlərinin başa çatdırılması üzrə lider ölkə olması barədə məlumat verib. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərgi rəhbərliyi qeyd edib ki, Azərbaycanın pavilyonu digərlərindən özünün dizaynı və mövzuya uyğunluğu ilə seçilir.

Orijinal dizaynı ilə fərqlənən pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi planlaşdırılır. Vaxtaşırı burada Azərbaycanın yaradıcı kollektivlərinin çıxışı keçirilir. Ziyarətçilər xüsusi maraqla orijinal interaktiv stendlər və ekspozisiyalarla tanış olur və muğama qulaq asmaq, rəqslərə baxmaq, dadlı şirniyyatlardan - şəkərbura, paxlava və s. - dadmaq imkanları olur.

Pavilyonun milanlı ziyarətçilərindən biri Cankarlo Marketti Azərbaycan ekspoziyalarına heyran olduğunu bildirib: "Bilirsiniz, Azərbaycanı İtaliyada az tanıyırlar. Dostlarımla Expo-ya ziyarət etməyimizin səbəbi İtaliyada az tanınan ölkələr və onların dünyaları haqqında daha çox bilgi əldə etmək idi. Pavilyonunuzun maraqlı dizaynı dərhal diqqətimizi cəlb etdi. Pavilyona daxil olduq və peşman deyilik. 10-dan çox pavilyonda olmuşuq, lakin sizin pavilyon özünün informasiya daşıyıcılığı və interaktivliyi ilə fərqlənir. Ekranlarda əlinizi gəzdirmək kifayətdir ki, maraqlı məlumatlar görəsiniz, həmçinin paytaxtınızın video-turunda iştirak edəsiniz. Şirniyyatlarınıza isə söz ola bilməz."

Pavilyona həyat yoldaşı ilə gələn yaşlı fransalı Yeva isə deyib: "Ötən il Parisdə muğam ifaçılarınızın konsertində olmuşam. Sizin unikal musiqiniz mənim çox xoşuma gəlmişdi. "Azərbaycan" sözünü görən kimi sərgiyə baş çəkmək qərarına gəldik. Sizin belə adətlərinizin, mədəniyyətinizin və mətbəxinizin olmasından xəbərsiz idim. Şirniyyatlarınızın ikisinin reseptini götürmüşəm, ancaq alınıb-alınmayacağını bilmirəm. Təşəkkür edirəm".

Romalı iki uşaqlı ailə də Azərbaycan pavilyonundan razı qalıb: "Uşaqlarımız pavilyonunuza heyran qaldılar. Alovlanan zanbaqlara toxunmaq və interaktiv ekranlar görmək onların çox xoşuna gəlib. Məncə, ən maraqlı pavilyon sizindir".

"Milan Expo 2015" oktyabrın 31-dək davam edəcək. Sərginin biletləri 39 avrodur. Expo Olimpiya Oyunları və Futbol üzrə Dünya Çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.

Sərginin təşkilatçıları 6 ay ərzində dünyanın ən böyük sərgisinə 20 milyon nəfərdən çox ziyarətçinin gələcəyini gözləyir. Təşkilatçıların ilkin proqnozlarına əsasən, Milan sərgisini İtaliya və Aİ-dən 12 milyon nəfər, həmçinin digər ölkələrdən təxminən 8 milyon nəfər ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti