...

Məhkəmədə Xədicə İsmayılovanın vəsatətləri təmin edilmədi

Cəmiyyət Materials 14 Avqust 2015 17:45 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Məhkəmədə Xədicə İsmayılovanın vəsatətləri təmin edilmədi

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, proses zamanı X.İsmayılova bir neçə vəsatətlə çıxış edib. Əvvəlcə o, məhkəmənin tərkibinə etiraz edib və onun dəyişdirilməsini istəyib. Lakin dövlət ittihamçısı vəsatətdə konkret əsaslar göstərilmədiyini bildirərək, vəsatətin təmin olunmasını məqsədəuyğun hesab etməyib. Məhkəmə dövlət ittihamçısının vəsatətlə bağlı fikirləri ilə razılaşıb.

Daha sonra X.İsmayılova məhkəmə protokollarının saxtalaşdırılmasını iddia edib və məhkəmə iclasının katibinə etiraz edib. Dövlət ittihamçısı isə bildirib ki, X.İsmayılovanın tanış olmadığı protokollar barədə belə iddia irəli sürməsi əsassızdır, ona görə də təmin edilməməlidir. Hakim bu vəsatəti də təmin etməyib.

Sonra X.İsmayılova məhkəmə protokolları ilə tanış olmaqla bağlı vəsatət irəli sürüb. Hakim R.Allahverdiyeva bildirib ki, protokollarla tanış olmaq üçün bugünki prosesdən sonra ona 3 gün vaxt veriləcək.

Daha sonra X.İsmayılova "Azadlıq" Radiosunun əməkdaşı Adil İsmayıovun əlavə olaraq şahid qismində dindirilməsini istəyib. Lakin dövlət ittihamçısı A.İsmayılovun işə aidiyyatı olmadığını deyərək vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin olunmayıb.

Daha sonda X.İsmayılova hakimdən növbəti vəsatətlərin hazırlanması üçün vaxt istəyib.

İşlə bağlı növbəti məhkəmə prosesi avqustun 18-i saat 11-ə təyin olunub.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti