...

Prokuror Xədicə İsmayılovaya 9 il iş istədi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Avqust 2015 13:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı onun 9 il müddətinə azadlıqdan məhrum edilmıəsini istəyib.
Prokuror Xədicə İsmayılovaya 9 il iş istədi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Trend-in məhkəmədəki müxbiri məlumat verib.

Dövlət ittihamçısı R.Hadıyev X.İsmayılovaya qarşı irəli sürülən maddələr üzrə onun törətdiyi cinayət əməlləri haqqında məlumat verib. R.Hadıyev bildirib ki, X.İsmayılova "Azadlıq Radiosu"nun Bakı bürosuna rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vergidən yayınma hallarına yol verib. Prokuror qeyd eid ki, o, işçiləri qəsdən əmək müqaviləsi bağlamaqdan yayındırıb və onları daha çox xidmət müqaviləsi ilə işə cəlb edib. Lakin işçilərlə xidmət müqaviləsi bağlamasına baxmayaraq, onlar üçün əmək müqaviləsində nəzərdə tutulmuş qaydada iş şəraiti yaradılıb.

Dövlət ittihamçısı deyib ki, X.İsmayılova əmək müqaviləsi üzrə nəzərdə tutulmuş 14 faizlik vergi deyil, xidmət müqaviləsi ilə nəzərdə tutulmuş verginin 4 faizlə ödənilməsinə nail olub. Bununla da o, dövlət büdcəsinə ödənilməli olan 10 faizlik vergidən yayınaraq, dövlət büdcəsinə ziyan vurub. R.Hadıyev bildirib ki, "Azadlıq Radiosu"nun Bakı bürosuna verilmiş lisenziyanın müddəti 2007-ci ilin dekabrın 31-də başa çatıb. O əlavə edib ki, X.İsmayılovanın rəhbərlik etdiyi büro 2008-ci ilin müəyyən dövrü ərzində qanunsuz olaraq sahibkarlq fəaliyyəti göstərib.

Dövlət ittihamçısı həmçinin bildirib ki, X.İsmayılova xarici KİV-in Azərbaycandakı təmsilçisi olduğuna görə, Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməli və dövlət qeydiyyatına alınmalı olduğu halda, bunu etməyərək qanunsuz fəalyyətlə məşğul olub. Prokuror R.Hadıyev vurğulayıb ki, X.İsmayılova Tural Mustafayev adlı şəxsi həyatdan bezdirərək onu intihar etmək həddinə çatdırıb. Əvvəllər T.Mustafayevlə çox yaxın münasibətləri olan X.İsmayılova Rövşanə Rəhimova adlı qızla nişanlandığını bildikdən sonra ona qarşı münasibəti kəskin dəyişib. Belə ki, X.İsmayılova T.Mustafayevin ondan başqa bir qadınla münasibətinin olmamasını istəyirmiş. Bu hadisədən sonra T.Mustafayev "Azadlıq Radiosu"nun Bakı bürosundan işdən çıxmaq məcburiyyətində qalıb.

Dövlət İttihamçısının sözlərinə görə, T.Mustafayev X.İsmayılova ilə münasibətlərinin korlandığını görüb və "Onsuz da o məni "Azadlıq Radiosu"nun Bakı bürosunda işləməyə imkan verməyəcək" deyərək raiodan işdən çıxıb.

Daha sonra dövlət ittihamçısı bildirib ki, araşdırmalar zamanı müəyyən olunub ki, X.İsmayılova nüfuzundan və əlaqələrindən istifadə edərək T.Mustafayevin digər mətbuat orqanlarında işə düzəlməsinə və çalışmasına mane olaraq onu intihar etmək həddinə çatdırıb.

Dövlət ittihamçısı R.Hadıyev sadalanan cinayət əməllərinin istintaq zamanı sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın bütün cinayət əməlləri toplanılaraq 9 il müddətinə azadlıqdan məhrum etmə, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra isə 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılmasını istəyib.

Müdafiə tərəfi hakimdən çıxış üçün vaxt istəyib. Hakim avqustun 26-a qədər vaxt verildiyini bildirib və növbəti məhkəmə prosesini həmin gün saat 11:00-a təyin edib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti