Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin təşəbbüsü ilə "İlboyu bilik" proqramı çərçivəsində 15 sentyabr - Bilik Günündə ölkənin bütün məktəblərində mühazirələr təşkil edir. Layihə ötən il 70-dən çox məktəbdə həyata keçirilmişdisə, bu il 161 təhsil ocağı qapılarını Azərbaycanın tanınmış ictimai xadimlərinin üzünə açıb.
Bilik Fondu alimlər, ictimai xadimlər, rəsmi dövlət adamları, xarici diplomatik korpusların nümayəndələrindən ibarət lektorlar qrupunun müxtəlif məktəblərdə mühazirələrini təşkil edib. Layihənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, lektorlar sırasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icma və mərkəzlərin rəhbərləri də olub.
Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Şeynin Aleksandr Nizami rayonundakı 145 nömrəli tam orta məktəbdə, Alban-Udi Xtistian İcmasının sədri Mobili Robert Qəbələ rayonundakı 2 nömrəli Nic qəsəbə məktəbində, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Paşayev Fəxrəddin Laçın rayonu S.Məmmədov adına Kamallı kənd orta məktəbində, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.
Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Şeynin Aleksandrın sözlərinə görə, əslində azərbaycanlı gənclərə multikulturalizmin nə olduğunu xüsusilə izah etməyə ehtiyac da yoxdur, çünki hər bir Azərbaycan vətəndaşı elə multikulturalizm şəraitində yaşayır: "Azərbaycan çoxmillətli bir ölkədir və bizim Ümummilli liderimiz Heydər Əliyev daxili siyasətimizi, ölkənin daxili həyatını çox maraqlı istiqamətə yönəldib: "Çoxmillətlilik bizim sərvətimizdir". Adətən, iki, üç və ya dörd millətin yaşadığı ölkələrdə milli zəmində müəyyən problemlər yaşanır. Bunu hətta inkişaf etmiş Avropa ölkələrində də müşahidə edirik. Amma Azərbaycanda vəziyyət tamam fərqlidir: burada çoxmillətlilik zənginlik hesab olunur. Biz hamımız bu mühitdə yaşayırıq, bilirik ki, bu ölkədə müxtəlif milli mənsubiyyətləri və dini inancları olan insanlar var, amma bu, bizi narahat etmir, əksinə xalqı birləşdirir, birgə yaşam ənənələrini formalaşdırmağa kömək edir".
Bu səpkili layihələrin davam etdirilməsinin zəruriliyini vurğulayan Alban-Udi Xtistian İcmasının sədri Robert Mobili mühazirənin çox böyük maraqla qarşılandığını vurğulayıb: "Nic qəsəbə məktəbində təşkil olunmuş mühazirədə yalnız bizim udi icmasının nümayəndələri deyildi, başqa millətlərin nümayəndələri də vardı. Hamını maraqlandırdı bu mövzu. Şagirdlər də, müəllimlər də eyni maraqla dinlədilər məni. Adətən bu mövzuda xarici ölkələrdə mühazirələr demişik, Bilik Fondunun belə səmərəli layihələri rayonlarımızda da şagirdlərin məlumatlandırılmasına, dünyagörüşünün artmasına səbəb olur. Onsuz da multikultural mühitdə yaşayan Azərbaycan məktəblisi bu barədə mühazirəni xüsusi maraqla qarşıladı".
"Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev məktəblilərin onu çox böyük ruh yüksəkliyi ilə qarşıladığını deyib: "Azərbaycanda yaşayan bütün xalqlara ölkə prezidenti xüsusi diqqət və qayğı ilə yanaşır. Biz hər birimiz bunu hiss edirik. Bilik Fondunun layihəsinə cəlb olunmağımız da diqqətin göstəricisidir. Bu gün belə layihələrə, canlı ünsiyyətə, maariflənməyə ehtiyac var. Xüsusilə, rayon məktəbliləri çox istəyirlər ki, bizlər onların yanına gedək, ünsiyyətdə olaq. Əvvəldən mühazirədə iştirak edə bilməyənlər soraq eşidən kimi gəlib qoşulurdular. Elm adamları rayonlarda insanların yanına getməlidirlər, maraqlandıqları mövzularda onlara məlumatlar verməlidilər. Bilik Fondunun bu layihəsi mənə bunu anlatdı. Şagirdlərlə yanaşı, yerli əhali ilə də görüşdüm. Onlar belə layihələrin çox olmasını istəyirlər. İnanıram ki, Bilik Fondu öz missiyasını bu yolda uğurla davam etdirəcək".
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix Nəsimi rayonundakı 46 nömrəli məktəbdə şagirdlərlə görüşüb. "Çox xoşuma gəldi bu layihə və hiss etdim ki, dinləyənlər də razı qaldılar. Məni Dağ yəhudiləri ictimai birliyinin sədri kimi Azərbaycan multikulturalizmi haqqında mövzu xüsusilə maraqlandırır. Çünki mən yəhudilərin burada necə sərbəst və firavan yaşadığının şahidiyəm, mühazirə gənclərin də hədsiz marağına səbəb oldu. Biz qarşılıqlı zövq aldıq".
Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Çağdaş dünyada Azərbaycan multikulturalizmi modeli özünəməxsusluğu ilə fərqlənir. Bilik Fondunun layihəsinin uğuru bunun bariz nümunəsidir.