Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Azərbaycanın "Milan Expo 2015" ümumdünya sərgisindəki milli pavilyonu İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin "Towards a Sustainable Expo" ("Davamlı Ekspoya doğru") proqramı çərçivəsində "Dizayn və materiallar" nominasiyası üzrə mükafatla təltif olunub.
Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, "Milan Expo"da keçirilən təltif olunma mərasimində İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti, İtaliya hökumətinin "Milan Expo"dakı baş komisarı Cuzeppi Sala iştirak edib.
Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyəti vurğulanıb və dizayn elementlərinin seçildiyi qeyd olunub.
Xatırladaq ki, "Milan Expo 2015" ümumdünya sərgisi may ayının 1-dən fəaliyyət göstərir. Oktyabrın 31-dək davam edəcək sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə inşa olunan və "Milan Expo 2015"in mövzusuna uyğun dizayn edilən milli pavilyon "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanır. 1800 m2 ərazidə təşkil olunan 4 mərtəbəli milli pavilyonda Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji, enerji potensialı və unikal biomüxtəlifliyi təqdim olunur.
Milli pavilyon öz dizayn və məzmun kontentinin təqdimatına görə, ümumdünya sərgisində iştirak edən ölkələr, eləcə də sərginin milyonlarla izləyicisi arasında favoritlər sırasındadır. Bu günədək milli pavilyonumuzun 2 milyondan çox ziyarətçisi olub. Azərbaycan pavilyonunun əsas özəlliyini həm də 3 biosferdə tərtib olunmasıdır. Bu biosferlərin hər birində müxtəlif mövzular təqdim edilir. 3 biosferin pavilyonun dizaynına daxil edilməsi həm də planetimizin kövrəkliyinə, onun qorunmasına diqqəti çəkir.
"Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, digərləri klasterlərlə (ekspoziyalar) təmsil olunur.
Sərgi başa çatdıqdan sonra Azərbaycanın milli pavilyonu Bakıya gətirilərək müəyyən olunmuş ünvanda izləyicilərin istifadəsinə veriləcək.