...

Fikrət Yusifov: İctimai-siyasi Azərbaycan: Qarşımızdakı açıq mənzərə

Cəmiyyət Materials 7 Oktyabr 2015 14:11 (UTC +04:00)

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor

Rəhbərlik etdiyim "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin fəaliyyətə başlamasından bir il ötür. O qədər də böyük müddət deyil. Lakin bizim üçün ciddi nəticədir və elə bu bir ilin tamamında ənənəvi iqtisadi təhlillərimizdən kənara çıxıb Azərbaycanın ictimai-siyasi həyatına, söz və mətbuat azadlığının vəziyyətinə və ümumən vətəndaş cəmiyyətinin durumuna nəzərə salmaq istərdik. Beləliklə, vətəndaş cəmiyyətinin bir parçası olaraq ötən müddət ərzində nələri müşahidə etdik? Qarşımızda hansı həqiqətlər dayandı?

Qeyri-Hökumət Təşkilatının fəaliyyətə başlaması, onun ictimai proseslərə qoşularaq bu və ya digər layihələrdə iştirak etməsi, ən əsası isə cəmiyyətə çıxış imkalanlarının yaranması üçün sözsüz ki, təşkilatın dövlət tərəfindən rəsmi qeydiyyata alınması vacib şərtlərdən biridir. Bu prosesin Azərbaycanda olduqca sadə bir mexanizm üzərində qurulduğunu biz öz təcrübəmizdə gördük. Lakin onu da qeyd etməliyik ki, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edərkən ətrafda müəyyən söz-söhbətlər də dolaşırdı: "QHT-ləri qeydə almırlar", "Çətin məsələdir", "Süründürəcəklər" və s. Biz qanunvericiliyin tələb etiyi qaydalara əməl edərək Ədliyyə Nazirliyinə müraciət etdik. Söz-söhbətin tam əksinə olaraq qanunla müəyyən edilmiş müddət ərzində müraciətimizə müsbət cavab verildi və "Ekonomiks" BİAB rəsmi dövlət qeydiyyatına alındı - Süründürmədilər! Bundan sonra isə qarşımızda böyük bir ictimai fəaliyyət sahəsi açıldı və biz bu sahənin əsas və aparıcı iştirakçılarından birinə çevrilmək üçün konkret proqrama söykənən sistemli fəaliyyətə başladıq.

Artıq çoxlarına məlumdur ki, biz son bir ildə mütəmadi olaraq mətbuatda ölkənin iqtisadi vəziyyətilə bağlı təhlil və araşdırmalarla çıxış edirik. Materiallarımız ölkənin əksər KİV-lərində dərc olunur. Bununla yanaşı, xarici mediaya da çıxış imkanlarından yararlanmışıq. Materiallarımız müxtəlif yazılı və elektoron KİV nümunələrində yayımlanıb. Bakı 2015 I Avropa Oyunları ərəfəsində isə Polşada xüsusi təbliğat aksiyası təşkil etmişik. Bir sözlə, ötən bir il ərzində fəaliyyətimizdə axsamalar olmayıb, komandamız öz üzərinə düşən vəzifəni ardıcıl və nizamlı şəkildə yerinə yetirib. Mətbuata təqdim etdiyimiz yazılar isə həmişə dəyişməz prinsipə söykənib - problemləri də, uğurları da olduğu kimi göstərmək prinsipinə. Biz Azərbaycanın xüsusən son 11 il ərzində əldə etdiyi nailiyyətləri və iqtisadi uğurları göstərməklə yanaşı, müxtəlif sahələrdə gözə dəyən çatışmazlıqları da gizlətməmişik. Bir tərəfdən ölkənin üstünlüklərini, möhkəm maliyyə bazası üzərində qurulmuş sosial təminat sistemini, dünyada müşahidə olunan iqtisadi böhranın Azərbaycana sarsıdıcı zərbə vura bilməməsinin səbəblərini, neftin qiymətlərinin aşağı düşdüyü bir dövrdə ölkənin qeyri-neft sektorunda müşahidə olunan inkişaf tendensiyasını, ixracatın yüksələn xətt üzərinə gətirildiyini və bu kimi bir çox digər müsbət nümunələri göstərmişiksə, bir tərəfdən də inkişafın daha da sürətlənməsinə əngəl ola biləcək problemləri də sadalamışıq. Müvafiq sahəyə cavabdeh olan dövlət qurumlarının fəaliyyətində rast gəlinən neqativ halları və yaranmış problemlərin aradan qaldırılması istiqamətinə atılmalı olan addımları da göstərmişik. Nə yazmışıqsa hamısını olduğu kimi, necə deyərlər, nöqtəsinə, vergülünə toxunmadan dərc ediblər. Hansısa media orqanından, "Burada filan sahədəki problemi tənqid etmisiz", "Bizim qəzetdə neqativ hallar barədə yazmaq olmaz" və sairə kimi cavablar eşitməmişik. Kimsə bizə deməyib ki, filan cümləni çıxarın, filan formada yazın. Hətta rəsmi dövlət qəzetlərinin belə hansısa məhdudiyyətlərilə rastlaşmamışıq. Onlar da konkret sahələrdəki çatışmazlıqlara dair qeydlərə toxunmadan yazılarımızı, açıqlamalarımızı və müsahibələrimizi olduğu kimi dərc ediblər. Nə sözümüzü boğan oldu, nə də özümüzü. Odur ki, tərəddüdsüz deyə bilərik: Azərbayacanda bir QHT-nin özünü təsdiq etməsi, cəmiyyətin inkişafına töhvələr verməsi, konkret və kreativ ideyalarla çıxış edərək onların həyata keçirilməsinə nail olması üçün bütün imkanlar yaradılıb - Mediaya çıxış sərbəst, söz demək, fikir yürütmək, təkliflərlə çıxış etmək vasitələri saysız-hesabsız. Kifayətdir ki, istək və işləmək həvəsi olsun.

Ötən bir il ərzində də Azərbaycanda dövləti vətəndaş cəmiyyətinə dəstəyini əsirgəmədi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttilə keçirilən müsabiqələrdə ölkənin əksər QHT-ləri iştirak edərək öz layihələrinə bu və ya digər dərəcədə dəstək aldılar. Burada bir məqamın altını xüsusilə cızmalıyıq. Bu maliyyələşmə dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən Azərbaycanın gəlirlərinin azaldığı bir dövrə təsadüf etdi. İqtisadi böhranın hətta inkişaf etmiş Avropa ölkələrini də tutduğu bir ərəfədə, az qala bütün dünyanın maliyyə təlatümləri yaşadığı bir vaxtda Azərbaycan dövləti vətəndaş cəmiyyətinə dəstəyini davam etdirdi və bununla bir daha göstərdi ki, bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının və onun rəhbərliyinin fəaliyyəti də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Hər halda bu da səbəbsiz deyil. Şuranın nümayəndələri QHT-lərin layihə icrası zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında şəxsən iştirak edirlərsə, tədbirlərin təşkilində, sənədləşmə məsələlərinin qaydasına salınmasında öz bilik və bacarıqlarından istifadə edirlərsə, yeni fəaiyyətə başlamış QHT-lərə lazımı məsləhətlər verib onların pəşəkarlıq səviyyəsinin artırılmasına maraq göstərirlərsə, şübhəsiz ki, bütün bunlar lazımı qiymətini almalıdır. Yeri gəlmişkən, bizim də Şuraya təqdim etdiyimiz layihə qurumun dəstəyini qazanıb və bu bizdə daha həvəslə işləmək, cəmiyyətin inkişafına daha böyük töhvələr vermək üçün əlavə ruh yaradır. Bu həm də onun göstəricisidr ki, dövlət yeni-yeni addımlar atan QHT-lərin də ayaqda durması və öz yerini möhkəmlətməsində maraqlıdır, bunun üçün dəstək verməyə həmişə hazırdır.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsinə şərait yaradan əsas amillərdən biri, sözsüz ki, ölkədəki sabit ictimai-siyasi vəziyyətdir. Qonşu ölkələrdə müşahidə olunan gərgin siyasi mühit, müsəlman ölkələrinin qan gölündə boğulması, "demokratiyanın beşiyi"ndən güc alanların beşikdəki körpələri də terrora məruz qoyması, nüfuz savaşı aparan böyük ölkələrin bir göz qırpımındaca yüz minlərlə insanı siyası maraqlara qurban verməsi və bu bədbəxt edilmiş ölkələrin sırasını genişləndirməyə çalışanların getdikcə daha da azğınlaşması fonunda Azərbaycan dövlətinin kənar müdaxilələrə kifayət qədər ciddi təpki göstərərək öz inkişaf yolunda inamlı addımlarını davam etdirməsi təkcə bizim - vətəndaş cəmiyyətinin təmsilçilərinin yox, ümumilikdə ölkə əhalisinin də diqqətindən yayınmır və insanlar bugünkü əminamanlığın, sərbəst və azad yaşayış şəraitinin qorunub saxlanılmasında maraqlıdırlar. İnsanlar görürlər ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlar, qəbul olunan qətnamələr əslində ölkəyə kənar müdaxilələrə imkan verilməməsi faktından qaynaqlanır və yalnız ayrı-ayrı ölkələrin siyasi maraqlarına söykənir. Ölkə əhalisi aydın şəkildə müşahidə edir ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti yaranıb və təkcə 2015-ci ilin əvvəlindən bu yana müxalifət partiyalarının rəhbərləri və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov başda olmaqla hakimiyyət təmsilçilərinin iştirakı ilə bir neçə görüş keçirilib. İnsanlarımız xarici dairələrdən istiqamətlənən "ölkədə söz və mətbuat azadlığı" boğulur kimi iddiaların da əsassız olduğuna şübhə etmirlər. Çünki ortada konkret əyani nümunələr var: Azərbaycan sosial şəbəkələrdən ən çox istifadə olunan ölkələrdən biridir. Bir çox ölkələrdən fərqli olaraq burada hansısa xarici informasiya və video portallarına giriş yasaqlanmır. Qəzetlərin sayı-hesabı yoxdur. İnternet resurslarının sırası isə durmadan genişlənir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuata davamlı şəkildə dəstək verir. Belə bir açıq mənzərəsi olan ölkədə söz və mətbuat azadlığının boğulduğunu, insan hüquq və azadlıqlarının pozulduğunu idda etmək vicdansızlıq deyilmi?.. O başqa məsələdir ki, kimlərsə QHT təmsilçisi və jurnalist adı altında ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edir və bu da dövlətin xüsusi xidmət orqanları tərəfindən müəyyən edilərək qanununvericiliyin tələblərinə uyğun şəkildə addımlar atılır. Dövlət nə etməlidir? İmkan verməlidir ki, ölkəni saqqal bassın? Şərait yaratmalıdır ki, minlərlə soydaşımızın qanı bahasına ucaldılmış Bayrağımızın yerində İŞİD-in qara əski parçası asılsın? Açsın qapıları ki, dünyaya "demokratiya ixrac edənlər" buraları da qana boyasınlar?.. Kim bunu istəyirsə, əmin olsun ki, arzusuna çatmayacaq. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri dövlətimizin yanındayıq və onun müstəqilliyinə qarşı fəaliyyət göstərən istənilən qüvvəylə mübarizə aparmağa həmişə hazırıq.

Qarşıdan V çağırış Azərbaycan Milli Məclisinə seçkilər gəlir. Cəmi iki gündən sonra namizədlərin rəsmi təbliğat kampaniyası start götürəcək. İnanırıq ki, imzatoplama mərhələsində olduğu kimi, əsas və deyərdik ki, həlledici mərhələ də nümunəvi və bərabərlik qaydalarına uyğun şəkildə başa vurulacaq. Əminik, Azərbaycan bu seçimlərdən, bu sınaqdan da alnıaçıq çıxacaq. Dövlətimiz və millətimiz üçün xeyirli olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti