...

Müasir Azərbaycan dilinin ilk intensivlik qrammatikası yaradıldı

Cəmiyyət Materials 8 Oktyabr 2015 10:38 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, "Müasir Azərbaycan dilinin intensivlik qrammatikası" yaradılıb.
Müasir Azərbaycan dilinin ilk intensivlik qrammatikası yaradıldı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, "Müasir Azərbaycan dilinin intensivlik qrammatikası" yaradılıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan Trend-ə verilən məlumata görə, institutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov tərəfindən ilk dəfə olaraq "Müasir Azərbaycan dilinin intensivlik qrammatikası"" adlı əsər yazılıb. Bu qrammatika adi, normativ qrammatikalardan fərqlənir.

Əsərin ayrı- ayrı bölmələrində intensivlik kateqoriyasının mahiyyəti, məzmunu, semantikası açılır, onun dilin qrammatik quruluşunda yeri və mövqeyi açıqlanır, intensivliyin ifadə imkanları və səviyyələri (morfoloji səviyyədə və sintaktik səviyyədə) müəyyənləşdirilir.

Burada qrammatik göstəricilərin ekspressiv kəmiyyətinin dərəcələri faktları şərh edilir. Həmin qrammatika qrammatik quruluşun ekspressiv sintaksislə, emosional mətnlərlə, nitq predmetinin qiymətləndirmə faktorları ilə, qraduallıq və kəmiyyət artımı dərəcələri ilə bağlı məsələləri üzə çıxarır.

Əsərdə intensivliyin ümumi prinsipləri nitqin funksional sferasında gerçəkləşir. Həmin sferada müqayisə dərəcələri formal göstəricilər kimi çıxış edir: "Adektiv və adverbial vahidlər qarşı-qarşıya gəlir, bir-birinə təsir göstərirlər. Bu təsir nəticəsində meydanda olan morfemlərin xarakteristikası üçün "kəsişmə zonaları" yaranır. Bu zonalarda qrammatik intensivlik şkalaları görünür. "Kəsişmə zonaları" aşağıdakı binar keyfiyyətdə qruplaşır: 1) intensivlik və uzunluq; 2) intensivlik və proseslik (hadisələrin gedişi, inkişafı), 3) intensivlik və qətedicilik, yəni tamamlayıcılıq, son, nəticə; 4) intensivlik və ekspressivlik. Bu "kəsişmə zonaları" dilin ümumi qrammatik prinsiplərinə əsaslanır.Qrammatikanın çapı nəzərdə tutulmuşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti