...

BMT-dən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinə böyük etimad

Cəmiyyət Materials 10 Noyabr 2015 15:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyevin Trend-ə müsahibəsi
BMT-dən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinə böyük etimad

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyevin Trend-ə müsahibəsi

- Hörmətli Əşrəf müəllim, ilk növbədə, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin edilməniz münasibətilə sizi təbrik edirik. Bu haqda ətraflı danışa bilərsinizmi?

- Təbriklərə görə təşəkkür edirəm. Bildiyiniz kimi, AİDA Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq XİN nəzdində yaradılıb və bu vaxtadək dünyanın 30-dan çox ölkəsinə yardım göstərib. Bu səbəblə, Azərbaycan nümayəndəsinin BMT Baş Katibi cənab Pan Gi Mun tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna təyin edilməsi Azərbaycan Respublikasının Prezidentinin uğurlu siyasətinə verilən yüksək qiymət və AİDA-ya göstərilən etimaddır.

Onu da bildirim ki, CERF-in əsas vəzifəsi ciddi humanitar böhranla üzləşmiş ölkələrə təcili yardımların göstərilməsini təşkil etməkdir. Məşvərət Qrupu həmin humanitar əməliyyatlar üzrə CERF-in vəsaitlərinin istifadəsinə nəzarət edir və fond qarşısında qoyulan məqsədlərə nail olmaq üçün onun fəaliyyətinin təkmilləşdirilməsinə dair BMT Baş Katibinə məsləhət verir. Məşvərət Qrupunun üzvləri BMT Baş Katibi tərəfindən seçilərək üç il müddətinə təyin edilir.

- Bildiyimiz qədər, oktyabrın sonlarında Nyu Yorkda Məşvərət Qrupunun görüşündə yeni üzv kimi ilk dəfə iştirak etmisiniz. Görüşün məqsədi və müzakirə olunan məsələlər haqqında nə deyə bilərsiniz?

- Bəli, 26-28 oktyabr tarixlərində Məşvərət Qrupunun görüşündə iştirak məqsədilə Nyu Yorka səfərim həyata keçirildi. Görüş zamanı qrup üzvləri 2015-ci ilin dekabrında CERF-in 10 illik yubileyinin qeyd edilməsi və 2016-cı ilin may ayında İstanbulda keçiriləcək "Dünya Humanitar Sammiti"nə hazırlıq prosesi, həmçinin, cari il ərzində CERF tərəfindən müxtəlif ölkələrdə həyata keçirilmiş layihələri və Fonda daha effektiv şəkildə donor vəsaitlərinin cəlb edilməsi məsələlərini nəzərdən keçirmiş və bu xüsusda müvafiq təkliflər hazırlamışdır.

Onu da qeyd edim ki, CERF dünyanın bir çox bölgələrində müxtəlif şəraitlər altında həyata keçirilən humanitar yardım əməliyyatları sayəsində zəngin təcrübə və məlumat, eləcə də bir çox ölkələrdə geniş şəbəkə əlaqələrinə malikdir. Bu səbəblə, Məşvərət Qrupu daxilində əsas məqsədimiz yeni donor ölkəsi kimi Azərbaycanın CERF-in humanitar yardım siyasətinin formalaşmasında yaxından iştirak etmək, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət etmək və əldə olunan təcrübəyə əsasən ölkəmizin humanitar yardım mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.

- Sizin fikrinizcə, ümumiyyətlə bu üzvlük AİDA-ya nə verə bilər?

- Hesab edirəm ki, AİDA Agentliyi üçün bu üzvlük yeni imkanlar açacaq. Belə ki, AİDA-nın əməkdaşlıq və tərəfdaşlıq etdiyi qurumların şəbəkəsi genişlənəcək, müştərək layihələrin həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılmasına şərait yaradılacaqdır. Nəticədə, Azərbaycanın beynəlxalq yardım agentliyi olan AİDA-nın imkanları artacaq, biz daha aktiv şəkildə digər dövlətlərə yardımları göstərə biləcəyik. Eyni zamanda bu proseslərdə yaxından iştirak fəaliyyətimizin dünya tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edəcəkdir.

Bunun nəticəsində, ölkəmiz tərəfindən göstərilən humanitar yardım sayəsində dünyada Azərbaycanın tərəfdaşlarının sayı artacaq və bu da öz növbəsində, ölkəmizin müsbət imicinin möhkəmlənməsinə və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olacaq.

Bununla yanaşı, Agentlik BMT və digər beynəlxalq təşkilatlar ilə birgə layihələr həyata keçirir və ölkəmizin gənc və istedadlı mütəxəssislərini həmin əməkdaşlığa cəlb edilməsi, onlar tərəfindən müvafiq bilik və təcrübənin əldə edilməsi və beynəlxalq arenada, o cümlədən, beynəlxalq təşkilatlarda ölkəmizin layiqincə təmsil edilməsi üçün əlverişli şərait yaradır.

- AİDA 4 il əvvəl XİN nəzdində yaradılıb. Bu illər ərzində AİDA nə kimi nailiyyətlər əldə edib və hansı müsbət dəyişikliklər baş verib?

- Ümumilikdə deyə bilərəm ki, Azərbaycanın humanitar diplomatiya siyasəti möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmışdır. Bu nəcib missiya Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir. Eyni zamanda, ölkəmizin beynəlxalq humanitar siyasətinə töhfə vermək üçün 2011-ci ilin sentyabr ayında AİDA təsis edilmişdir. Biz XİN nəzdində fəaliyyət göstəririk. Vaxtilə yardım alan dövlət olan Azərbaycan son illər ərzində aparılan uğurlu daxili və xarici siyasət nəticəsində öz iqtisadiyyatını möhkəmləndirərək artıq digər inkişaf edən ölkələrə yardım göstərən dövlətə çevrilmişdir. Agentlik öz fəaliyyətini məqsədyönlü şəkildə daim təkmilləşdirir və bizim məqsədimiz odur ki, AİDA öz nəcib missiyasını davam etdirərək ehtiyacı olanlardan yardım əlini əsirgəməsin və Azərbaycan dünyada özünə yeni tərəfdaş və dostlar qazansın.

Bizim nailiyyətlərimiz sırasında səhiyyə və təhsil sahəsində həyata keçirdiyimiz bir sıra uğurlu layihələri misal göstərmək olar. Belə ki, İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq qurulmuşdur. AİDA və İslam İnkişaf Bankı Afrikanın 8 ölkəsində kataraktdan əziyyət çəkən insanlara göz əməliyyatları həyata keçirir və bununla, onların görmə qabiliyyətini bərpa etməklə həyatlarının nurla dolmasına şərait yaradır.

Eyni zamanda, biz elmi əməkdaşlığı da təşviq edirik. Belə ki, AİDA bir sıra uğurlu tərəfdaşlıqların əldə edilməsinə nail olmuşdur. Bizim neft sahəsində çalışan alimlərimiz xarici həmkarları ilə əməkdaşlıq qururlar və AİDA bu kimi əlaqələrin yaradılmasına və inkişafına dəstək göstərir.

Bununla yanaşı, elektron hökumətin qurulması sahəsində ölkəmiz tərəfindən əldə edilmiş nailiyyətləri nəzərə alaraq, bu təcrübəmizi də inkişaf edən dövlətlərlə bölüşməyə hazırıq.

- AİDA-nın gələcək planlarına ümumilikdə nələr daxildir?

- İlk növbədə onu deyim ki, AİDA tərəfindən həyata keçirilən beynəlxalq humanitar yardım siyasəti vasitəsilə inkişaf etməkdə olan ölkələrə göstərilən yardımlar davam etdiriləcək və bu da öz növbəsində Azərbaycanın dünyada müsbət imicinin möhkəmlənməsinə xidmət edəcək və ölkəmizin tərəfdaşlarının sayının artmasına şərait yaradacaqdır.

Qeyd etdiyim kimi, başlıca olaraq, AİDA öz tərəfdaşlıq şəbəkəsini genişləndirməyi planlaşdırır. Biz hesab edirik ki, bunun vasitəsilə proqramlarımız daha təsirli və effektiv olacaqdır.

Bununla yanaşı, səhiyyə və təhsil sahəsində uğurla həyata keçirilən proqramları davam etdirəcəyik, xarici tələbələrə Azərbaycanın aparıcı universitetlərində təhsil almaları üçün təqaüdlər ayıracağıq, eləcə də, inkişaf edən dövlətlərin mütəxəssisləri üçün ixtisasartırma kursları təşkil edəcəyik. AİDA-nın başlıca məqsədlərindən biri də ölkəmiz tərəfindən göstərilən humanitar yardımın operativliyi və səmərəliliyinin daha da artırılmasıdır. Bizim əsas məqsədimiz odur ki, AİDA ölkəmizi təmsil edərək, müasir və effektiv agentlik kimi öz fəaliyyətini davam etdirsin və daha da genişləndirsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti