Manat devalvasiya olunandan sonra hadisələr sürətlə dəyişməyə davam edir. İqtisadi çətinliklər, insanların kredit borclarını ödəmək problemləri, ərzaq qiymətlərinin artımı və sairə gündəlik problemlər ilin son üç ayında baş verən ən çox məsələləri (MTN, Rabitə və Nəqliyyat nazirlikləri, Beynəlxalq Bankda yaşananlar və b.) arxa planda qoyub. Bir sözlə devalvasiya gündəmi zəbt edib. İndi əhalinin son üç ayda diqqətlə izlədiyi məsələlər yadından çıxıb. Camaat özünü fikirləşir. Bu da təbiidir; hər kəs hər gün necə yaşamağın, yaxud necə dolanmağın fikrini çəkir. İndiki anda əhalinin dövlətdən gözləntiləri var. Bu gözləntini gözləməyib etiraz edərək ayağa duranlar da, səsini qaldıranlar da var. Bir neçə rayonda (Füzuli, Lənkəran, Siyəzən və s.) "tətiyi" çəkmək istəyənlər də mövcuddur. Sadə adama bu etirazlara kənardan baxanda elə gəlir ki, insanlar xaotik şəkildə etiraz edirlər. Yəni heç kim, heç nəyi təşkil etmir. Amma, bu heç də belə deyil. Əsas da odur ki, bu təşkil olunanları heç bir qrup, təşkilat, siyasi partiya öz üzərinə götürmür, zatən onların rayonlarda elə də sosial bazası qalmayıb. Üç nəfər bir yerə toplaşa bilmirdisə, necə oldu mütəşəkkil şəkildə 50-100 nəfər meydana çıxdı, hətta Siyəzəndə mala-mülkə ziyan vurdu.
Kimin barmağının işarəsi ilə oynayırıq, cənablar? İdarəolunan xaosun içində nə axtarırıq? Bu barədə bir qədər sonra. Neftin ucuzlaşması fonunda Azərbaycan manatı da ucuzlaşdı və üzən məzənnəyə keçdi. Bunu fevral ayından yazırdıq və Milli Bank köhnə kursu saxlamaq üçün milyonlar xərcləyirdi. Amma, ABŞ-ın və Avropanın Rusiyanı çökdürmək siyasətini bizim dövlət təşkil etməmişdi ki! Əgər neftin ucuzlaşmasını Rusiya öz üzərində bir ildən artıqdı hiss edirsə və büdcəni yarıbayarı azaldırsa, o zaman Rusiya vətəndaşları ayağa qalxıb niyə etirazlarını bildirmirlər? Azərbaycan da Rusiya kimi onun büdcəsi neft və qazdan asılıdır. Ruslar heç zaman ayağa durub dövlətinə təpik atmazlar. Amma, bizdə bəziləri atmağa hazırdır.
Niyə?
Bilirəm o qədər sual verə bilərsiniz ki, içində itib-batmaq olar. Eyni sualları Rusiya tərəfinə də vermək olar. Məgər bizdə olan problemlər onlarda yoxdur? Sadəcə olaraq onlarda dövlətçilik təfəkkürü "dəli" dediyimiz I Pyortdan başlayır, yəni 300 ildən çox, bizdə isə cəmi 25 illik dövlət anlayışı. Mən hələ dövlətçilik təfəkküründən danışmıram. Qonşumuz İranı illərdir Amerika və Avropa sıxır. İran az qalırdı acından ölsün. Heç bir dəfə gördüzmü, oxudunuzmu, eşitdinizmi iqtisadi narazılığa görə hansısa qruplar ayağa dursun. Görmədiniz, eşitmədiniz.
Bəli, neftin qiymətinin düşməsi, manatın ucuzlaşması ölkədə yeni iqtisadi şərait yaradıb. Elə bunu dövlət başçısı keçən bazar (10 yanvar, 2016) Nazirlər Kabinetinin keçirdiyi müşavirədə söylədi. Büdcənin formalaşması üçün yeni-yeni resursların cəlb olunması məsələlərini qeyd etdi, möhtəkirliyə və korrupsiyaya qarşı mübarizənin vacibliyini və davamlılığını vurğuladı. Onun müşavirədə dediyi sözlər özünü çox gözlətmədi.
Bir neçə vacib məsələni sadalayım ki, hər kəs anlayışla fikirlərimi qarşılasın.
Birincisi, əhalinin ən vacib strateji saydığı və qiymətlərə birbaşa təsir edəcəyi, yəni qiymətləri qaldıra biləcək sahələrdə qiymət artımı olmadı. Hamı gözəl bilir ki, benzin, işıq, su və çörəyin qiyməti qalxmırsa o biri iqtisadi sahələrə bunun az təsiri olur. Benzinin, işığın, suyun qiyməti qalxmadı. Bəlkə də bəziləri vəziyyəti daha da gərginləşdirmək üçün bunların da qiymətinin qalxmasını düşünürdü, amma yaxşı ki, belə olmadı. Bu çox vacib amildir. Qiymətlər üzən məzənnədə öz yerini tapır. Çörək məsələsində işbazlar və möhtəkirlər qazanc adı ilə (bəlkə də bilərəkdən???) qiymətləri qaldırmağa cəhd etdilər. Burda da cənab prezident buğda və un məhsullarına əlavə dəyər vergisini (bu 18% edir) ləğv etməklə onların arzusunu gözündə qoydu.
İkincisi, hələ bir neçə ay bundan öncə spirtli içkilərin və siqaretlərin pos-terminal vasitəsilə kartla satılmağı sosial şəbəkələrdə və KİV-də müzakirə olunurdu. Əslində, bu, özlüyündə xoş niyyətli və büdcənin doldurulması üçün yaxşı addımdır.Amma, bunu inzibati qaydada birdəfəlik həll etmək mümkün deyil. Yanvarın 1-də bu sahədə aparılan dəyişikliklər həyəcan və təşviş yaratdı. Çünki bu sahədə çalışan sahibkarlar və mağaza müdirləri buna hazır deyildilər. Əgər cənab prezindentin tağşırığı ilə belə bir satış müvəqqəti dayandırılmasaydı, heç şübhə etmirəm ki, bir müddət keçəndən sonra spirtli içkilər və siqaret sahəsində qaçaqmalçılıq və "quru qanun"la üz-üzə qalacaqdıq. Bir növ ABŞ-ın 30-cu illərdə yaşadığını yaşayacaqdıq.
Üçüncüsü, yuxarıda adını çəkdiyimiz müşavirədə cənab prezident manatın ucuzlaşması ilə bağlı pensiya və əməkhaqqlarının artırılmasını nəzərdə tutan göstərişlər verdi.
Belə addımları çox söyləmək, analizlər edib müəyyən bir nəticəni ortalığa qoymaq olar. Belə düşünürəm xalq bunların fərqindədir. Fərqində olmayanlar, yaxud bilərəkdən "bulanıq suda balıq tutmaq istəyən" lər mövcuddur. Manatın ucuzlaşmasından hələ heç bir ay keçməyib (21.12.2015) amma kimsə "guya narazı" kütləni itələyib ortalığa atır. Bir məsələni də qeyd edim: Dekabrın 21-dən sonra 2 gün ərzində valyutadəyişmə məntəqələrində əhali 2 milyarda yaxın pul dəyişdi. Əgər desəniz ki, bu pullar varlıların idi, inanmayacam. Çünki, varlı çoxdan öz pulunu dollar, avroya, qızıla, brilyanta dəyişib. Pulu dəyişən orta təbəqə idi. Deməli əhali işlə təmin olunub və hətta dar günə də pul yığa bilib. İndi nə oldu, cənablar? Əgər inqilab könlünüzə düşübsə, qabaqcadan deyim ki, inqilab olanı dağıdır. Insanın əlindən nəinki canını, hətta torpağını alır, başqa dövlətlərə möhtac edir.
Kimin barmağının işarəsinə oynayırıq? Ya müvəqqəti əzablara tab gətirib dövlətin yanında durmalıyıq, ya da ... Şəxsən mən dövlətin yanındayam, içindəyəm. Başqa alternativ yol yoxdur.
P. S. Sosial şəbəkədə Füzulidən bir nəfər daxili qoşunların nümayəndəsinə deyir ki, mənim üstümə niyə gəlirsən, o de 1.5 km.o yanda ermənilər dayanır, get onların üstünə sözlərini yazır. Düşündüm ki, bu adam gəliri ilə çıxarın heç anlamır. Əgər o orada olmasa, səni sakitləşdirməsə, səni qorumasa o zaman erməni sənin üstünə gələcək və Bakıya qədər qovacaq. Bunumu istəyirsiniz? Erməni gözləyir ki, Azərbaycanda xaos yaransın və yeni torpaqlar işğal etsin. Eyni zamanda dünyaya car çəksin ki, bunların dövlət, torpaq anlayışları yoxdur. Bunlar idarəedən yox, idarəolunanlardır. Bu qədər bəsit və mürəkkəb.
Yunus Oğuz