...

Cavid Hüseynovun məhkəməsinə jurnalistlər buraxılmadı

Cəmiyyət Materials 27 Yanvar 2016 13:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, prosesdə məhkəmənin hazırlıq iclası keçirilib. Jurnalistlər üçün qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov iki vəsatət qaldırsa da, hakim vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmənin növbəti iclası fevralın 10-a təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti