...

Azərbaycanın palçıq vulkanları ilə bağlı yeni tədqiqatlar başlayıb

Cəmiyyət Materials 4 Fevral 2016 17:48 (UTC +04:00)
Azərbaycanın palçıq vulkanlarının fəaliyyəti və geoekoloji riskin qiymətləndirilməsi istiqamətində yeni tədqiqatlara start verilib.
Azərbaycanın palçıq vulkanları ilə bağlı yeni tədqiqatlar başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın palçıq vulkanlarının fəaliyyəti və geoekoloji riskin qiymətləndirilməsi istiqamətində yeni tədqiqatlara start verilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, Azərbaycanın şərqində - quruda və Xəzər akvatoriyasında 400-dən çox palçıq vulkanı və onun təzahürü mövcuddur. Vulkanların püskürmə fəaliyyəti nəticəsində yer səthinə flüid və brekçiya çıxarılır. Bundan başqa, vulkanın gündəlik (sakit) fəaliyyəti dövründə böyük dərinlikdən qaz, minerallaşmış su, lilli palçıq və hətta bəzi vulkanlarda çoxlu neft üst səthə xaric edilir. Nəticədə vulkan sahəsində qeyri-adi şoran torpaqlar, geokimyəvi cəhətdən nadir landşaftlar formalaşır ki, bu da ətraf mühitə, eləcə də canlı orqanizmlərə neqativ təsir göstərir.

Qeyd olunur ki, AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları uzun müddətdir ki, müxtəlif aspektlərdən tədqiq olunur. Lakin vulkanların fəaliyyəti ilə əlaqədar geoekoloji riskin qiymətləndirilməsi istiqamətində elmi tədqiqat işlərinə lazımi səviyyədə diqqət yetirilməyib. Bu tədqiqatlar yalnız müvafiq yeni avadanlıq və cihazların əldə edilməsi, həmçinin çöl-ekspedisiya işlərinin həyata keçirilməsi ilə mümkündür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Geologiya və Geofizika və Radiyasiya Problemləri institutlarının gənc alim və mütəxəssislərindən təşkil olunmuş tədqiqatçı qrup "Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi" layihəsi (Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi (EİF/GAM-3-2014-6(21) çərçivəsində yeni istiqamət üzrə tədqiqatlara başlayıb.

Layihənin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sözlərinə görə, layihə üzrə araşdırmalar bu ilin yanvar ayından start götürüb. 50 000 manat dəyərində olan elmi tədqiqat işinin icra müddəti 2017-ci ilin yanvar ayında sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti