Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Nazirlər Kabineti "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, tədbirlər proqramında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə strategiyasına uyğun olaraq təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchiz edilməsi, vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təmin edilməsi kimi tədbirlər daxildir.
Vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə tibbi heyətin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, dezinfeksiya işlərinin aparılması, Vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində metodik sənədlərin təkmilləşdiriliməsi və yenilərinin hazırlanması, vərəmlə mübarizə tədbirlərinin monitorinqinin həyata keçirilməsi də planlaşdırılır.
Proqramda qeyd edilir ki, "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra respublikanın şəhər və rayonlarında vərəm əleyhinə tibb müəssisələrində mikrobioloji laboratoriyalar yaradılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enib.