...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 19 Fevral 2016 13:16 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Bu sətirləri yazarkən (8. 01. 2016) 2015 dekabrın 21-dən başlayan manatın devalvasiya olunması, eyni zamanda on bir ayda (fevral, 2015) milli valyutamızın 100% ucuzlaşması haqqında düşündüm və özümə sual verdim: Əcaba, manatın möhkəmlənməsi, yaxud ucuzlaşması milli təhlükəsizliyimizə təhdid yarada bilərmi? Çünki, bütövlükdə valyutamızın sabitliyi və ya sabit olmaması iqtisadiyyatımızın inkişafının, yaxud tənəzzülün göstəricisidir.

Əlbəttə, vətəndaşlar dövlətindən, onun əmin-amanlığından, ona güvənməyindən, yaxşı yaşamalarından və s. yaranan problemlərin həllində əmindirlərsə, təbiidir ki, onun milli təhlükəsizlik reytinqi daha da yüksələcək. Milli maraqlar ön plana çıxdıqda isə bu güvənlik daha da güclənəcək. Yadımdadır, sərhədi pozduğu üçün bizim hərbçilər tərəfindən vurulan (2014) erməni vertalyotundən sonra vətəndaşlarımız necə qürur hissi keçirirdilər. Sosial şəbəkələr vasitəsilə yüz minlərlə gənclərimiz "müharibə başlarsa"müharibəyə getməyə hazır olduqlarını bildirdilər. Bu da milli təhlükəsizliyimizin şərtlərindən biridir, çünki milli təhlükəsizlik çərçivəsində vətəndaş və cəmiyyət dövlətlə yanaşı milli maraqların daşıyıcısıdır.

Fikrimizi təsdiq edirmiş kimi müəllif qeyd edir ki, təhlükəsizliyin təmin edilməsində ən çox istifadə olunan daxili ehtiyatlar (qeyd edək ki, milli təhlükəsizliyin təmin olunması üçün dövlət özünün həm daxili ehtiyatlarından, həm də xarici siyasət vasitələrindən istifadə edir.) və siyasət vasitələrinə dövlət vasitələrinə dövlət orqanları və qeyri-hökumət strukturları, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, milli elita və s. daxildir. Diqqətəlayiq haldır ki, dövlət bu qurumların hər biri ilə xüsusi iş aparır, onların bəzi tələbatlarını ödəməklə, imkanlarından milli təhlükəsizliyin təmin olunması istiqamətində istifadə olunur.

***

Nəhayət gəlib çatdıq IV bölmənin, bütövlükdə bu kitabın əsas hissəsinə, yəni bu əsərin tamamlanmasını gözləyən V fəsilə- Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə. Doğrusu, bu sonluqsuz, bu fəsilsiz bəhs etdiyimiz kitabı çox zəif hesab edərdim, çünki istənilən kitab istiqamətverici funksiya daşıdığı kimi, bu kitabda yekun fəsildə göstərməli idi ki, Milli Təhlükəsizliyimiz və Milli maraqlarımız üçün hansı istiqamətlər mövcuddur və bunlardan ən ümdəsi (baxmayaraq bunların hamısı ümdədir) və sıralanması və daha vacib inkişafı hansılardır. Zatən, hörmətli professorun, intellektual və təcrübə imkanı bunun öhdəsindən ustalıqla gəldi.

Əli Həsənov birinci olaraq (bu belə də olmalı idi) milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri siyasətində Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə yer ayırır. Bu da olduqca doğrudur, çünki, milli təhlükəsizlik siyasətinin əsas vəzifə istiqamətlərindən biri ölkə ərazisinin əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə də dövlət hərbi sahədə milli maraqların təmin edilməsi məqsədilə özünün hərbi təhlükəsizlik siyasətini formalaşdırır.

Dövlətin hərbi təhlükəsizlik siyasəti dövlətin yaşaması, onun inkişafı və hər hansı müdaxilələrin qarşısının alınmasında vacib və ümdə şərtlərdən biridir.

"Öz əsgərini yedizdirə bilməyən xalq özgə əsgərini yedizdirəcək!"
Nə qədər doğru deyilib? Müstəqillik aktının qəbul olunması gününü yada salaq- 18 oktyabr, 1991-ci il. Biz müstəqilliyə hazır idikmi? Bir mənalı şəkildə demək olar ki, xalq hazır idi, amma dövlət və onun strukturları yox. Bu sətirlərin müəllifi o dövrün proseslərində aktiv və hadisələrin şahidi olduğundan, qəti əminliklə deyə bilərəm ki, müstəqilliyə qovuşanda Qarabağı, Ermənistandan qovulmuş, sürgün edilmiş insanları qorumağa heç nəyimiz yox idi. Ruslar bölgədə ermənilərin lehinə, hətta onların yerinə bütün işləri görürdülər. Hətta əhalidən ov tüfənglərini belə yığırdılar. Ordu yox, əsgər yox, yalnız yumruqlarını silaha çevirən (Allah ölənlərə rəhmət etsin!) qeyrətli könüllülərimiz və Moskvaya xidmət edən "başbilənlərimiz" var idi.

"Başbilənlərimiz" deyəndə mən o zamankı Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovu və sonra da Azərbaycan Respublikasının prezidenti olmuş Ayaz Mütəllibovu nəzərdə tuturam. (Yeri gəlmişkən, sonuncu 1992-ci il çevriliş cəhdinin baş tutmamasından sonra Moskvaya sığınmış və iyirmi ildən artıq müddətdə orada yaşamışdı. Yalnız, prezident haqqında qanun qüvvəyə mindikdən sonra o Azərbaycana dönmüş və indi də yaşamağında davam edir). Nəticə çox acınacaqlı oldu. Qəzəbli köçkün və qaçqınlar Bakıya, Azərbaycanın digər rayonlarına axışdılar. Onların müdafiəsi üçün nəinki, qanunlar, heç adi sığınacaqlar da yox idi. Faktiki olaraq "başbiləmlərimiz" Moskvanın əmri ilə hərəkət etdiklərindən 20 yanvar, Xocalı qırğınları, qətliamları baş verdi. 1992-ci ildən isə ordunun ilk rüşeymləri qoyulduqda isə Şuşa, Laçın, Kəlbəcər, daha bir neçə rayonun əhalisi köçkün və qaçqına çevrildi. Bütün bunları yazmaqda məqsədim ondan ibarətdir ki, hərbi təhlükəsizlik siyasəti birinci yerdə yürüdülməzsə dövlətin özünün varlığı sual altına düşmüş olar. Bu səbəbdən də Əli Həsənov yazır: "Azərbaycanın hərbi təhlükəsizlik konsepsiyasının yaradılması və ona müvafiq hərbi doktrinasının qəbulu silahlı qüvvələrin hərbi taktikasının müəyyən olunması və ölkənin müdafiə qabilliyətinin mökəmlənməsində əsas amillərdən biri hesab olunur. Hərbi Doktrina vətəndaşların, cəmiyyətin və suveren dövlət hakimiyyətinin xarici hərbi basqınlarından, hər hansı təhlükə və təhdidlərdən qorunması taktikasını müəyyənləşdirir". (Bax. s. 891)

Qəbul olunmuş Doktrinada dövlətin hərbi strateji ehtiyatlarının ordu quruculuğuna səfərbər edilməsi, onun güclü müdafiə qüdrətinin yaradılması, eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr potensialının gücləndirilməsi taktikası ölkənin müdafiə təhlükəsizliyinin mühüm amili kimi dəyərləndirilir. Müəllifə görə, müdafiə təhlükəsizliyi anlayışı hərbi təhlükəsizlik anlayışından daha geniş məzmun daşıyır. Belə ki, müdafiə təhlükəsizliyi anlayışında ölkənin yalnız hərbi deyil, həmçinin iqtisadi, siyasi, mənəvi gücü və qüdrəti, informasiyaya malik güclü infrastrukturu, sosial vəziyyəti və başqa amillər nəzərə alınaraq dövlətin ümumi təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutursa, hərbi təhlükəsizlik anlayışı özündə milli təhlükəsizliyin yalnız hərbi vasitələrlə təmin olunmasını əks etdirir.

Qeyd edək ki, hərbi təhlükəsizliyin təmin edilməsi üçün hərbi Doktrinanın əsas vəzifəsi ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, milli maraqlarını hərbi, siyasi və başqa təhdid və təhlükələrdən qorumaqdır. Təhdid dedikdə, burada, hörmətli professorun adı çəkilən kitabından geniş iqtibas vermək məcburiyyətində qalacağıq, çünki dövlətimizə oluna biləcək təhdidləri geniş şəkildə verməklə o bizə başqa bir imkan yaratmayıb.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti