...

ATU Hindistan və Yaponiya universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırır (FOTO)

Cəmiyyət Materials 3 Mart 2016 10:38 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti (ATU) Hindistan və Yaponiya universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırır.
ATU Hindistan və Yaponiya universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırır (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti (ATU) Hindistan və Yaponiya universitetləri ilə əməkdaşlıq imkanlarını araşdırır.

Bu barədə Trend-ə ATU-dan məlumat veriblər.

ATU-nun rektoru professor Akif Süleymanov Hindistanın Azərbaycandakı səfirliyində bu ölkənin fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Rektor diplomata rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, yeni təhsil strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələri və perspektiv planları barədə məlumat verib. Professor A.Süleymanov bildirib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas məqsədlərindən biri də xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə fundamental əlaqələr yaratmaq, bu əlaqələrin nəticəsi olaraq tələbə və müəllim mübadiləsinə, eləcə də dual diplomların verilməsinə nail olmaqdır.

Rektor qeyd edib ki, səfirliyin vasitəçiliyi ATU ilə Hindistan universitetləri arasında səmərəli əlaqələrin qurulması və inkişfına zəmin yaradıla bilər.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana isə ölkəsinin təhsil sitemi haqqında məlumat verib. Səfir bildirib ki, Hindistandan Azərbaycana ali təhsil almaq üçün gələnlərin sayı son zamanlar azalsa da iki ölkə arasında müxtəlif təhsil layihələri əsasında əməkdaşlıq davam etdirilir.

Sanjay Rana ATU-nun əməkdaşları və tələbələrini də Hindistan hökumətinin vəsaiti hesabına təşkil olunan bu cür ixtisasartırma kursları və təlimlərdə iştirak etməyə çağırıb. Səfir Hindistandan olan mütəxəsislərin ATU-da texnoparkın yaradılması prosesinə məsləhətçi kimi dəstək verə biləcəklərini, eyni zamanda Bakıda yaşayan Hindistan vətəndaşlarının Gəncəyə gələrək universitetdə mədəniyyət sərgisi təşkil etməyə hazır olduqlarını da deyib.

Bununla yanaşı, Yaponiya səfirliyində bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahasi ilə baş tutan görüş də səmərəli müzakirə şəraitində keçib.

Səfir deyib ki, hazırda paytaxt Bakıda yerləşən iki universitet Yaponiyanın ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Tsuquo Takahasi ATU-nun timsalında Azərbaycanın bölgələrində yerləşən universitetlərin Yaponiya universitetləri ilə əməkdaşlığa can atmasını sevindirici hal kimi qiymətləndirib. Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən ATU-nun rektoru professor Akif Süleymanov səfir Tsuquo Takahasi ilə Yaponiya universitetləri ilə əməkdaşlıq yaratmağın mümkün istiqamətləri və yolları barədə fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti