...

Bakıda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun qonaqları üçün "Siyasətdən kənar" adlı sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2016 07:55 (UTC +04:00)
Aprelin 22-də Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub.
Bakıda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun qonaqları üçün "Siyasətdən kənar" adlı sərgi açılıb (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Aprelin 22-də Muzey Mərkəzində "Siyasətdən kənar" adlı müasir incəsənət sərgisinin açılışı olub.

Trend-in məlumatına görə, sərgi Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibətilə, təsviri incəsənətimizin təbliği, görkəmli rəssamlarımızın yaratdıqları nadir sənət incilərinin nümayişi məqsədilə təşkil edilib.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, AMEA-nın üzvü, akademik Ömər Eldarov, görkəmli ictimai xadimlər, mədəniyyət, incəsənət və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən Ə.Qarayev qeyd edib ki, 25-27 aprel tarixlərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın yeni yollarının araşdırılması istiqamətində mühüm beynəlxalq hadisə olacaq.

Qarayev Nasir Əbdüləziz Əl-Nasiri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi dialoq və tolerantlığın inkişafı baxımından Azərbaycanın önəmini qeyd edib, xüsusi ilə də Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğində liderliyini yüksək qiymətləndirib.

Tədbirdə Xalq rəssamları Fərhad Xəlilov və Ömər Eldarov çıxış edərək forum çərçivəsində təşkil olunan Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sərgidə nümayiş olunan plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla incəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, XX əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər böyük maraq doğurub.

Sərgi aprelin 28-dək davam edəcək.

Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti