Bakı. Elçin Mehdiyev - Trend:
"Bütün toplantılarda səmərəli müzakirələr aparıldı. Biz fəxr edirik ki, BMT Sivilizasiyalar Alyansının nümayəndələri olaraq, burada mühüm məsələləri müzakirə etdik". Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Alyansın Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində Gənclər forumunun bağlanışında deyib.
O, qeyd edib ki, bu gün səsləndirilən fikir və mövqelər güclü gəncliyin baxışlarıdır.
Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, davamlı inkişafa nail olmaq üçün gənclərin təşəbbüs, enerji və imkanlarından istifadə edilməsi mühüm rol oynayır: "Təhsil, sülh mədəniyyətinin və digər biliklərin yayılması sosial inklüzivliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli təhsilə bərabər çıxış və hamı üçün eyni şəraitə malik iş imkanının təmin edilməsi məhz inklüzivliyə nail olunması baxımından vacib rol oynayır".
O, Gənclər forumunda güclü təsirə malik fikir və təkliflərin səsləndirildiyini və bunun üçün onların ümumiləşdirilərək bütün dünyaya yayılmasının əhəmiyyətini vurğulayıb.