...

ATU növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır (FOTO)

Cəmiyyət Materials 3 May 2016 10:54 (UTC +04:00)
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub.
ATU növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub.

ATU-dan Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi Azərbaycan ilk dəfə olaraq keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlarına (OSKİ) hazırlaşmaqdır.

Azərbaycan Tibb Universiteti (ATU) növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanından keçəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb. G.Gəraybəyli təlim iştirakçıları ilə görüşündə qeyd edib ki, bu imtahanlar tələbələrin praktiki biliklərinin artırılmasına kömək edəcək: "Biz daim vurğulayırıq ki, bəzən tələbələr nəzəri cəhətdən yüksək hazırlıqlı olsalar da, praktiki bilgiləri zəif olur. Bu məsələ Səhiyyə Nazirliyinin kollegiyalarında da qeyd edilir. Ona görə də Tibb Universitetinin rəhbərliyi, kafedra müdirləri tərəfindən daim bu istiqamətdə işlər aparılıb. Bu günkü seminar da görülən tədbirlərin nəticəsidir".

Rektor bildirib ki, ATU-da belə bir innovativ metodun tətbiqi, ilk sınağın nəticələri, müəllim və tələblərin təəssüratları gələcəkdə bu imtahanın daha təkmil keçirilməsinə kömək olacaq.

ATU-nun tədris metodik və innovasiya şöbəsinin müdiri Akif Qurbanov bildirdi ki, OSKİ metodu klassik imtahanlardan köklü şəkildə fərqlənir: "Buna görə də biz imtahandan keçəcək tələbələrlə yanaşı, imtahan götürəcək müəllimlər üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub.

Bu gün təşkil olunan treyninqdə ATU rəhbərliyinin nümayəndəsi, dövlət imtahan komissiyasının nümayəndələri və müəllimlər iştirak etdilər. Təlimlər zamanı sınaq məqsədilə 3 fənn üzrə - daxili xəstəliklər, cərrahiyyə və mamalıq-ginekologiya üzrə imtahan aparıldı. Təlimdə ATU-nun 60-a yaxın müəllimi iştirak etdi.

Qeyd edək ki, bacarıq imtahanları ATU-nun Tədris Cərrahiyyə Klinikasının treyninq mərkəzində baş tutacaq. Artıq mərkəzdə OSKİ imtahanlarının keçirilməsi üçün xüsusi məntəqələr hazırlanıb, lazımi avadanlıqla təchiz edilib və digər təşkilati işlər görülüb.

Tibb təhsili sahəsinə aid olan OSKİ imtahanları dünyanın əksər ölkələrində tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq ATU tələbələri bu üsulla dövlət imtahanı verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti