...

Açılmış 1 flakondan neçə uşağın peyvəndi üçün istifadə oluna bilər?

Cəmiyyət Materials 23 May 2016 16:28 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev açılmış 1 ampulada olan vaksindən bir necə uşağın peyvənd edilməsi üçün istifadə edilməsinin düzgün olub-olmamasına aydınlıq gətirib.
Açılmış 1 flakondan neçə uşağın peyvəndi üçün istifadə oluna bilər?

Bakı. İlhamə İsabalayeva - Trend:

Açılmış bir ampulada olan vaksindən bir neçə uşağın peyvənd edilməsi məqsədilə istifadənin düzgün olub-olmamasına aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu gün ölkədə immunoprofilaktika tədbirlərinin vəziyyətinə həsr olunan tədbirdə çıxış edərkən deyib ki, peyvəndlər müxtəlif dozalarda olur.

Onun sözlərinə görə, Azərbaycan dövləti də milyonlarla doza vaksini 1 dozadan 20 dozaya kimi olan flakonlarda alır.

N.Quliyev qeyd edib ki, çoxdozalı flakonların alınmasının bir çox üstün cəhətləri var: "Birinci şərt onun qiymətinin dəfələrlə ucuz olmasıdır. 1 dozalıq vaksini 10 manata aldığımız halda, 20 dozalıq vaksini də eyni qiymətə almaq mümkündür. Vaksinin tək dozada alınmasının heç bir xeyri yoxdur. Ona görə də bir flakonda dozaya görə 1-5-10-20 nəfərlik vaksinlər alınır. Məsələn, Bakının hər hansı ərazisində peyvənd edilməli uşaqların sayı çox olarsa, oraya çoxdozalı flakonlar verilir. Uşaqların sayı az olanda isə azdozalı flakonlar paylanılır".

O qeyd edib ki, dozasından asılı olmayaraq, flakonların içindəki maddənin tərkibində heç bir fərq olmur.

Baş pediatr əlavə edib ki, vaksin preparatlarının hər birinin özünün təlimatı var: "Ümumiyyətlə, açılmış flakon bir neçə saat ərzində istifadə edilərək atılır. Hər bir poliklinikada peyvənd olunacaq uşaqların sayı əvvəlcədən müəyyənləşdirilir və gün təyin edilir. Məsələn, peyvənd üçün 50 nəfər uşaq gələcəksə, oraya 50 dozalıq 5 flakon verilir və onlar da uşaqlara vurulur. Əgər qalıq qalırsa, onlar atılır".

N.Quliyev Şərq və Avropa ölkələrdən gətirilən peyvəndlərin keyfiyyətinin fərqli olması ilə bağlı fikirlərə də münasibət bildirib. O bildirib ki, Azərbaycanda uşaqların peyvəndi üçün lazım olan bütün preparatlar dövlət hesabına gətirilir və pulsuz olaraq tətbiq edilir: "Peyvənd istehsal edən zavodların heç biri fəaliyyət göstərdiyi ölkəyə aid deyil. Yəni peyvənd istehsal edən zavodların hamısına bir mərkəzdən - Ümumdünya Səhiyyə Təşkilatının Strateji Nəzarət Qrupu tərəfindən nəzarət edilir. Zavodlar hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, bir mənbədən lisenziya alırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti