...

ATU tələbələrinin teatr tamaşası maraqla qarşılanıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2016 10:25 (UTC +04:00)
Gəncə Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri tərəfindən hazırlanan “Gəl qohum olaq” tamaşası teatrsevərlərə təqdim olunub.
ATU tələbələrinin teatr tamaşası maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri tərəfindən hazırlanan "Gəl qohum olaq" tamaşası teatrsevərlərə təqdim olunub.

ATU-dan Trend-ə verilən məlumata görə, yazıçı-dramaturq İsi Məlikzadənin "Gəl qohum olaq" adlı əsəri əsasında hazırlanan tamaşanın məşqləri iki aya yaxın davam edib. Tamaşaya Gəncə Dövlət Dram Teatrının rejissoru, əməkdar artist Faiq Qasımov quruluş verib. Musiqi tərtibatçısı isə Ziyad Abbasov olan birpərdəli "Gəl qohum olaq" tamaşasında ATU-nun Dram dərnəyinin üzvü olan 5 tələbə rol alıb. Əlli beş dəqiqə davam edən tamaşada rolları Anar Oruclu (Qarakişi), Nigar Nağıyeva (Minayə), Elmin Hüseynov (Ədalət), Ümid İsmayılov (Camal) və Qənirə Məmmədli (Mehriban) ifa ediblər. Tamaşa eyni inşaatda işləyən Qarakişi ilə Minayənin bir-birini sevməsindən bəhs edir. Lakin Minayənin bacısının əri, elə həmin inşaatda briqadir olan Ədalət onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.

Tələbələrin səhnələdirdiyi tamaşanı ATU-nun rəhbərliyi, müəllimləri və tələbələri ilə yanaşı xeyli sayda teatrsevər də izləyib. Tamaşaçılar tələbələrin oyununu yüksək qiymətləndirib və alqışlarla qarşılayıb.

Qeyd edək ki, "Gəl qohum olaq" komediyası" ATU tələbələrinin hazırladığı ilk tamaşadır. Universitetin Dram dərnəyinin üzvləri ənənəni davam etdirmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti