...

Binəqədidə yanan bina ilə bağlı müəmmalar məhkəmədə araşdırılır

Cəmiyyət Materials 14 İyul 2016 14:31 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Təyyar Cavadov təqsirləndirilən şəxsləri tanımadığını bildirib.
Binəqədidə yanan bina ilə bağlı müəmmalar məhkəmədə araşdırılır

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Təyyar Cavadov təqsirləndirilən şəxsləri tanımadığını bildirib. O deyib ki, hadisə baş verən zaman qızı və nəvəsi mənzildə olub, hadisə nəticəsində nəvəsi dünyasını dəyişib və 74 min manatlıq maddi ziyan görüb.

Digər zərərçəkmiş İlqar Vahabov isə yanğın nəticəsində 43 min manat ziyan gördüyünü deyib. Onun sözlərinə görə, yanğından 4-5 gün öncə binanın işıqları söndürülüb. İ.Vahabov binanın siqaret tullantısı nəticəsində yandığını ehtimal etdiyini qeyd edib.

Prosesdə ifadə verən növbəti zərərçəkən Naibə Mahmudova deyib ki, yanğın başlayan zaman binaya bitişik tikilinin damında iki yerdə topa kağızların yandığını görüb: "Mətbəxdən qabda su götürüb o kağızların üstünə tökdüm. 2 dəqiqə sonra isə yanğının yayıldığını görüb, aşağı düşdüm. Mən orada kağızların yanması barədə müvafiq orqanlara məlumat vermişəm".

Binəqədidə yanan binaya görə təqsirləndirilən sabiq vəzifəli şəxs komaya düşüb

Binəqədidə yanan binaya görə təqsirləndirilən sabiq vəzifəli şəxs komaya düşüb

Zərərçəkmiş Rəna Əhmədova isə deyib ki, hadisə baş verən an həyətdə 5-6 nəfər tanımadığı şəxsi görüb: "Gördüm ki, binanın aşağısından ağ tüstü çıxır və onlar da buna görə yığışıblar".

Prosesdə ifadə verən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xətayi Şahverdiyev bildirib ki, həmin gün növbədə olmasa da, yanğının baş verdiyini eşidəndə könüllü kömək üçün müraciət edib: "Temperaturdan, tüstüdən içəri keçmək mümkün deyildi. Binaya daxil olanda yuxarı qalxdıqca temperatur daha da artırdı. 4-cü mərtəbədən yuxarı qalxmaq qeyri-mümkün idi. Mən birtəhər 7-ci mərtəbəyə qalxdım və bir nəfər şəxsin huşsuz vəziyyətdə olduğunu gördüm. Onunla danışdım, su verdim. Sonra öz maskamı, paltarımı ona geyindirdim. Ona dedim ki, birlikdə aşağı düşək, ancaq o, gələ bilmədiyini deyərək, geri qayıtdı, gəlmədi. Mən ona kömək etdim, lakin təxminən 6-cı mərtəbədə tüstüdən zəhərlənib yıxıldım, qolum kəsildi. Bir neçə dəqiqə sonra əməkdaşlarımız onu da məni də xilas etdi”.

Zərərçəkmişlər dövlət ittihamçısı və müdafiə tərəfinin suallarını cavablandırıblar.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti