...

Məhkəmədə icra başçısının sabiq müavininin vəziyyəti pisləşdi

Cəmiyyət Materials 9 Avqust 2016 14:59 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə icra başçısının sabiq müavininin vəziyyəti pisləşdi

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Prosesdə təqsirləndirilən şəxs - Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun vəziyyəti yenidən pisləşib və məhkəməyə təcili-tibbi yardım briqadası çağırılıb.

Fasilədən sonra hakim 27 zərərçəkmişin məhkəməyə gəlmədiyini və onların prosesə məcburi gətirilməsi barədə qərardad çıxarılacağını bildirib.

Sonra hakim təqsirləndirilən şəxslərin sərbəst ifadə verməsini istəyib. Təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov və Qəzənfər Novruzov hazır olmadıqları üçün ifadə verməyiblər.

Təqsirləndirilən şəxs “Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov isə ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını və özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, poliuretan materialı laboratoriyada dəyərləndirilib və materialın çətin yanan olduğu müəyyənləşib. O qeyd edib ki, yalnız 2010 və 2011-ci illərdə materialın sınaq yoxlamasını keçiriblər: "Bundan sonra çətin yanan material kimi rəy protokolunu imzaladım. Mənim əsas iş yerim Bakı Dövlət Universitetidir. Mən bu zavodda yalnız müqavilə əsasında məsləhətçi kimi çalışmışam".

Proses avqustun 11-də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti