...

Binəqədidə yanan binaya görə təqsirləndirilən şəxs xəstəxanaya köçürüldü - proses təxirə düşdü

Cəmiyyət Materials 18 Oktyabr 2016 12:07 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Binəqədidə yanan binaya görə təqsirləndirilən şəxs xəstəxanaya köçürüldü - proses təxirə düşdü

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zamində olan təqsirləndirilən şəxs Ağacavad Məmmədov iştirak etməyib. Məlum olub ki, A.Məmmədovun səhhəti bir neçə gündür pisləşdiriyindən o məhkəməyə gələ bilməyib. Vəkili təqsirləndirilən şəxsin xəstəxanaya köçürülməsi barədə məhkəməyə təqdim etdiyi arayışda qeyd olunub ki, A.Məmmədov xəstəxanada həkim nəzarəti altında saxlanılır. Buna görə də proses oktyabrın 19-a təyin edilib.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru U.Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri M.Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri A.Məmmədov həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti