Bakı. Trend:
Cari ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən iki dəfədən çox şəxsə fərdi şəxsi hesab açılıb. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 393 453 nəfərə çatıb.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 21 545 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə dair müvafiq göstərici ilə müqayisədə iki dəfədən çoxdur. Beləliklə, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 fevral 2017-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz (202 785 nəfər) artaraq 3 393 453 nəfərə çatıb.
Hazırda fərdi uçot sisteminin əhatə etdiyi şəxslər arasında say baxımından birinci yeri 30-40 yaşlarında olanlar tutur. Onlar fərdi hesabı açılanların 25,7 faizini (872 504 nəfər) təşkil edirlər. İkinci yerdə 50-60 yaşlarında olanlardır ki, sistemin əhatə etdiyi insanların 711 302 nəfəri (21 faiz) bu yaş qrupunda olanlardan ibarətdir. Sistemdə həmçinin 40-50 yaşlarında olan 676 317 nəfər (19,9 faiz), 30 yaşa qədər olan 676 300 nəfər (19,9 faiz) qeydiyyatdadır. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.
Fərdi şəxsi hesabı açılmış vətəndaşların sayında artım daha çox 30-40 yaşlarında olan vətəndaşlar üzrə özünü göstərir. Sistemdə qeydiyyata alınmış bu yaş qrupundan olan şəxslərin sayı 2016-cı ilin 01 fevral tarixi ilə müqayisədə 25,7 faiz və ya 71 215 nəfər artıb. Müqayisə olunan dövrdə fərdi uçot sistemində ikinci yüksək artım tempi 60 yaşdan yuxarı olanlar üzrə müşahidə edilib, sistemdə onların sayı 63 169 nəfər və ya 16,5 faiz çoxalıb. Ümumilikdə isə yaş qruplarının hər biri üzrə sistemdə artım qeydə alınıb.
Fərdi uçot sisteminin əhatə dairəsinin getdikcə genişlənməsi ölkəmizin müasir sığorta-pensiya sisteminin əhalinin mənafeyinə uyğun qurulmasından irəli gəlir. Hər bir işləyən şəxs fərdi uçot sistemində qeydiyyata alınmaqla özü üçün pensiya kapitalı toplaya bilir ki, bununla da vətəndaşların öz gələcək etibarlı pensiya təminatında fəal iştirakına şərait yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə sığortaolunanlara öz pensiya kapitallarına mütəmadi şəkildə nəzarət etmək imkanı verir.