Bakı. Trend:
Ombudsman təsisatı və BMT QAK arasında 2017-ci ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) zorakılıq əleyhiyə mübarizə üzrə 2016-cı ildən əməkdaşlıq edir və görülmüş işlər nəticəsində müsbət təcrübə əldə edilib. Bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Bu gün Ombudsman Elmira Süleymanova BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə keçirdiyi görüş çərçivəsində 2017-ci ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi “Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin davam etdirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir. Sənəddə bir sıra yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Görüşdə Müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx əməkdaşlıq əlaqələrindən, bu sahədə Ombudsman təsisatının, həmçinin Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin fəaliyyətindən bəhs edib, qanunvericilik bazası və görülən tədbirlər haqqında geniş məlumat verib.
Müvəkkil gələn il Azərbaycanın BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabatını təqdim edəcəyini bildirib. O, vurğulayıb ki, Ombudsman təsisatı sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcək. Bu istiqamətdə yerli QHT-ləri də cəlb etməklə geniş maarifləndirmə tədbirlərinin və fikir mübadiləsinin keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Digər mühüm istiqamətlər kimi məhz Dayanıqlı İnkişaf Məqsədləri üzrə əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin, habelə uşaq hüquqlarının təşviq və təmin olunması ilə bağlı geniş maarifləndirmə tədbirlərinin keçirilməsi qeyd edilib. Bu istiqamətdə birgə tədbirlərin təşkil olunması, habelə həmin tədbirlərin səmərəliliyini daha da artırmaq üçün müvafiq nəşrlərin hazırlanması və çap edilməsi üzrə razılıq əldə edilib.
Furio De Angelis BMT QAK-ın fəaliyyətinin yeni prioritetləri, həyata keçirilən layihələr haqqında məlumat verib, həmçinin təmsil etdiyi təşkilatla Ombudsman təsisatı arasında əməkdaşlığı və bu illər ərzində əldə olunan uğurları müsbət qiymətləndirib. Sonda qarşılıqlı maraq doğuran məsələlər üzrə də fikir mübadiləsi aparılıb.