...

Böyük Britaniyalı mütəxəssis Respublika Əlillərin Bərpa Mərkəzində olub (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2017 16:04 (UTC +04:00)
Böyük Britanıyanın Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor Respublika Əlillərin Bərpa Mərkəzində olub.
Böyük Britaniyalı mütəxəssis Respublika Əlillərin Bərpa Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Böyük Britanıyanın Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor Respublika Əlillərin Bərpa Mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olan Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.

M.Luzmora buradakı şərait barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində mühüm yer tutur. 2015-cı ilin ilin sentyabr ayında dövlət başçısının iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu istiqamətdə görülən işlərdən biridir. Mərkəzdə 18 yaşdan yuxarı əlilliyi olan əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası, səmərəli bərpa-müalicə sistemi ilə təmin olunmaları üçün lazımi şərait yaradılıb. Burada il ərzində 1700 nəfərdən çox əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlarla və reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilir.

Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi də daxil olmaqla, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 bərpa müalicə müəssisəsi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsindədir. Təkcə 2016-cı ildə bu müəssisələrdə 23,3 min nəfər müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilib, bu təbəqələrdən olanlara 32,8 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ölkəmizdə paralimpiya hərəkatının genişlənməsi üçün aparılan fəal dövlət siyasəti, Azərbaycan paralimpiyaçılarının mötəbər beynəlxalq tədbirlərdə, Olimpiya Oyunlarında qazandıqları qələbələr barədə də qonağa məlumat verilib. Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin təşkili yönündə ƏƏSMN tərəfindən görülən işlər diqqətə çatdırılıb.

Mərkəzin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, əlilliyi olan şəxslərin səmərəli reabilitasiyasına xidmət edən müasir avadanlıq və qurğular, aparılan kompleks-reabilitasiya işləri nəzərdən keçirilib. M.Luzmor Azərbaycanda müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraitinin, əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması yönündə aparılan işlərin onda müsbət təəssüratlar yaratdığını vurğulayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında edilən dəyişikliklərlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası, idman tibbi və reabilitasiya magistr ixtisasları yaradılıb. Bununla əlaqədar magistr proqramlarının hazırlanmasında Böyük Britanıyanın UCL-in London Kollec Universiteti ilə əməkdaşlıq həyata keçirilir. Respublika Əlillərin Bərpa Mərkəzində ən müasir tələblər səviyyəsində yaradılan reabilitasiya şəraiti mərkəzin yeni yaradılan idman tibbi və reabilitasiya ixtisası üzrə tədris bazası kimi də fəaliyyət göstərməsinə imkan verir.

Sonra M.Luzmorla qeyd edilən məsələyə dair müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti