Bakı. Samir Əli - Trend:
Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az ədəbi-mədəni saytın və “Kaspi” Maarifçilik Meydanı” kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Kaspi” qəzetinin dərc olunduğu illər haqqında danışıb. O bildirib ki, “Kaspi” qəzetinin 1897-ci ildən sonra çap olunduğu dövrü Azərbaycançılıq ideyasının yayan dövr kimi xarakterizə edə bilərik: “Kaspi” qəzetində həm iqtisadi, həm siyasi, həm də mədəniyyət barədə xəbərlər dərc olunurdu. Bu gün “Kaspi.az” saytı da həmin ənənəni davam etdirir”.
"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva “Kaspi Maarifçilik Meydanı” kitabı haqqında məlumat verdi. O bildirib ki, kitabda dərc olunan materiallar “Kaspi” qəzetində yer almış mövzulardır: “Zaman-zaman Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və başqa maarifçilərimiz haqqında yazıları dərc etdik. Tağıyevin maarifçilərin sırasına aid edilməsinə təəccüblənənlər də oldu. Bunu da biz cəsarət etdik. Bu gün Tağıyev adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur”.
S.Vəliyeva bildirib ki, bu böyük şəxsiyyətlər haqqında Prezident Sərəncamı var. Kitabda Sərəncam və həmin şəxsiyyətlər haqqında ekspertlərin rəyləri də öz əksini tapıb.
S.Vəliyeva deyib ki, onlar haqqında kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: “Çünki onlar sıradan maarifçilər deyillər. Onlar maarifçilik ideyasını irəli sürüb milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında, AXC-nın qurulmasına qədər cəsarətli bir yol keçmiş, bəzən ölümü gözlərinin önünə almışlar. Əgər Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək buna icazə verməzdi”.
S.Vəliyeva deyib ki, həmin şəxsiyyətlər böyük çətinliklərdən keçərək senzuranı ələ ala biliblər və sonradan AXC-ni qurublar.
Artkaspi.az saytının redaktoru Fərid Hüseyn təqdim etdikləri saytın ədəbiyyat və mədəniyyət portalı olduğunu bildirib.
F.Hüseyn bildirib ki, ölkəmizin ədəbiyyat, mədəniyyət, humanitar elm, kino, teatr kimi sahələrindəki yenilikləri, maarifləndirici yazıları dərc edən saytın məqsədi, ölkəmizin ədəbi və mədəni sahələr üzrə yeniliklərini dünyaya çatdırmaq, habelə bəşəri uğurları, dünyanın humanitar sahələrinin aparıcı şəxslərinin elmi, ədəbi irsini xalqımıza tanıtdırmaqdır.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, "Kaspi” 3 əsrin qəzeti adlandırılır və tarixi “Kaspi”nin davamçısı olmağa çalışır: “Bir az əvvəl bizə məlum oldu ki, Avropa ölkələrinin birində qəzetin arxivi saxlanılır. Biz əlaqələrimizi işə saldıq və “Kaspi”nin elektron variantda Hollandiyada Cek Linson nəşriyyatının onlayn mətbəəsində saxlanıldığını bildik. Danışıqlar apardıqdan sonra qiymətli mənbəni ölkəmizə gətirmək üçün razılıq əldə etdik. Qərara gəldik ki, həmin arxivi PDF varianta salıb onlayn mənbədə yerləşdirək. Həmin mənbə bir ildir ki, kaspi.az saytında yerləşir”.