...

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb

Cəmiyyət Materials 6 Mart 2017 13:35 (UTC +04:00)
Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb.
Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, ilkin mərhələdə iki sahə üzrə yaradılan Daimi Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.

“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.

“Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir.

Daimi Şuralar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti