Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çox olmaqla 221 656 dəfə müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkədə kağız arayışların e-arayışlarla əvəz olunması prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” e-xidməti, hər bir işçiyə istənilən vaxt öz iş yerinə dair ümumi təyinatlı və ya hər hansı konkret quruma təqdim etmək üçün elektron qaydada arayış əldə edə bilməyə imkan verir. Bu məqsədlə işəgötürənə müraciət olunmasına, bunun üçün vaxt və zəhmət sərf edilməsinə ehtiyac yoxdur. Arayış aidiyyəti quruma elektron şəkildə göndərilə və ya çap edilərək kağız formasında təqdim edilə bilər. Sənəddə işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli və ya müddətsiz olması, onun etibarlılıq müddəti və digər məlumatlar qeyd olunur. Həmçinin vətəndaş seçiminə uyğun olaraq, bu arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə etmək imkanına malikdir.
Hazırda müvafiq qurumlar da iş yerinə dair arayışları kağız formasında deyil, elektron arayış formasında qəbul etməyə üstünlük verirlər. Çünki elektron arayışlar işçinin iş yeri ilə bağlı real, rəsmi məlumatları əks etdirməklə yanaşı, oradakı məlumatların dürüstlüyünü “E-hökumət” portalındakı “Elektron arayışların yoxlanılması” e-xidmətindən istifadə etməklə yoxlamaq mümkündür.
Qeyd olunanların nəticəsidir ki, “İş yerinə dair arayış” e-xidməti elektron arayış sistemində geniş istifadəçi kontingenti ilə seçilir. İstifadəyə verildiyi 2014-cü ilin dekabr ayından bəri “İş yerinə dair arayış” elektron xidmətinə 697 700 müraciət qeydə alınıb. Bu da “E-hökumət” portalındakı 18 növ e-arayış xidməti üzrə indiyədək edilən ümumi müraciətlərin (1 407 771 müraciət) 49,6 faizini təşkil edir.