Bakı. Trend:
UNEC-də Beynəlxalq Kulinariya Günü münasibətilə xeyriyyə aksiyası keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Texnologiya və dizayn fakültəsinin III kurs tələbəsi Fidan Nəzərəlinin təşəbbüsü ilə keçirilən aksiyada qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işləri sərgilənib.
UNEC tələbələri hazırladıqları müxtəlif çeşiddə şirniyyat və un məmulatlarının satışını keçiriblər. Böyük maraq və izdihamla keçirilən aksiyada Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov da iştirak edib.
Beynəlxalq Kulinariya gününün UNEC-də qeyd olunmasını yüksək qiymətləndirən T.Əmiraslanov bunu tələbələrin beynəlxalq proseslərə münasibəti kimi dəyərləndirərək, ölkə mətbəxinin tanıdılması baxımından da əhəmiyyətini vurğulayıb. Tələbələrin hazırladıqları şirniyyat və un məmulatlarına münasibət bildirən baş kulinar, həmin tələbələrin gələcəyin peşəkar qida mühəndisi və kulinarı olacaqlarına əminliyini ifadə edib.
T.Əmiraslanov Beynəlxalq Kulinariya gününün tələbələr arasında təşkilinə görə “Qida məhsulları texnologiyası” kafedrasının müdiri Mehriban Məhərrəmovaya və aksiyada fəal iştirak edən UNEC tələbələrinə Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomlarını təqdim edib.
UNEC-in “Qida məhsulları texnologiyası” kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyası 2 gün davam edəcək. UNEC tələbələri aksiyadan əldə olunan vəsaitlə 1 saylı Körpələr Evi və 3 saylı Uşaq Evinin sakinlərinə hədiyyələr təqdim edəcəklər.