...

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 16 Noyabr 2017 23:46 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından Trend-ə bildiriblər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və instisional tədbirlər qeyd edilmiş, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin yüksək dəyərləndirilməsi vurğulanıb.

İclasda qeyd edilib ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub.

Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak etmiş və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş 4 mükafatdan birinə layiq bilinib. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim edimilşdir.

Azərbaycan lahiyəsinin müsabiqədə iştirak edən 37 layihə içərisində mükafata layiq görülməsi və ölkəmizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropa İttifaqı dövlətlərini qabaqlaması məhkəmə islahatlarının uğurundan xəbər verir. "Ədliyyənin Kristal Tərəzisi" mükafatı Şuranın iclasında təntənəli təqdim edilib.

Eyni zamanda qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatlarına beynəlxalq marağın nəticəsidir ki, bu ərəfədə Avropa Şurasının xahişi ilə mütəxəssislərimiz Moldovaya səfər edərək müsbət təcrübəmizi həmkarlarına aşılamış, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi mötəbər nümayəndə heyəti ölkəmizə eyni məqsədlə səfər edib.

Tədbirdə həmçinin, əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunulmuş, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilməsi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi qeyd edilib. Eyni zamanda 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatması bildirilmiş, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə Sabirabad rayon məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınmış, Sumqayıt Apellyasiya məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti