...

Ağciyər Xəstəlikləri İnstitutu: Azərbaycanda vərəmdən ölüm göstəricisi azalıb

Cəmiyyət Materials 30 Dekabr 2017 14:00 (UTC +04:00)
2017-ci ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi azalıb
Ağciyər Xəstəlikləri İnstitutu: Azərbaycanda vərəmdən ölüm göstəricisi azalıb

Bakı. Trend:

2017-ci ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi azalıb. Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

H.Qədirova vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, genişmiqyaslı profilaktik tədbirlər, bu xəstələrin dərman preparatları ilə tam təminatı nəticəsində son üç ildə göstəricilərdə dinamik azalmaya nail olunduğunu bildirib: "Əgər 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur. İlkin aşkarlanan vərəm hallarının sayı 21 faiz azalıb. 2017-ci ildə vərəmdən ölüm göstəricisi də aşağı düşüb: 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var".

H.Qədirova vərəmlə mübarizədə iştirak edən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə 2017-ci il ərzin­də ET Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən 48 treninq keçirildiyini, ümumilikdə 896 nəfər hazırlandığını qeyd edib. Ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sisteminin tətbiq olunduğunu və xəstələrin qeydiyyatının dünya standartlarına uyğun aparıldığını bildirib.

İnstitutun direktoru Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən bu ilin iyun ayından çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu da vurğulayıb. O, vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti