Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda vərəmin gecikmiş və yayılmış formalarından əziyyət çəkən xəstələrin sayı 2010-cu illə müqayisədə 2 dəfə azalaraq 7,6%-lik göstəricidən 3,4 %-ə enib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son illər ərzində vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.
Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Ölkədə ilkin aşkar olunmuş vərəm hallarının sayı da 21% azalıb.
Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır. 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub.
Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb.