...

Şəki-Zaqatala bölgəsindəki taxıl sahələrinə xəstəlik düşüb

Cəmiyyət Materials 11 May 2018 20:44 (UTC +04:00)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Şəki-Zaqatala bölgəsinə məxsus 16450 hektar payızlıq taxıl əkini sahələrində fitosanitar monitorinq həyata keçiriblər.

Xidmətdən Trend-ə verilən məlumata görə, monitorinqlər nəticəsində 12700 hektar sahənin sarı pas xəstəliyi ilə sirayətləndiyi müəyyən olunub və götürülən buğda bitkisi nümunələri Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəsinin laboratoriyalarına təqdim edilib. Müayinələr zamanı bitkilərin üzərində olan xəstəliyin Sarı pas (Piccinia Striiformis West) xəstəliyi olduğu aşkar edilib.

Monitorinqlər zamanı müəyyən olunub ki, aprel ayının II ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı olması və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olması, buğda sahələrində sarı pas xəstəliyinin (Piccinia Striiformis West) inkişaf etməsinə səbəb olub.

Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində torpaq sahibləri və fermerlər öz vəsaitləri hesabına adıçəkilən xəstəliyə qarşı tilt (0,5 l/ha), alto super (0,4 l/ha), reks duo (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha) fungisidlərindən istifadə etməklə kimyəvi mübarizə tədbirlərinə başlayıblar. Qeyd edək ki, bu günə qədər 4850 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti