Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın idman gimnastikası üzrə yeniyetmələrdən ibarət yığma komandasının məşqçisi Gennadi Kotelnikov yetirmələrinin Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarında çıxışından razı qalıb.
G.Kotelnikov Trend-ə bildirib: "Yetirmələrim planlaşdırılan hər şeyi yerinə yetirdilər. Əlbəttə, həyəcan var idi, amma artıq ilk hərəktlətdən sonra stress getdi, o cümlədən, zalın dəstəyi sayəsində".
Onun sözlərinə görə, təsnifat yarışlarının başa çatdıqdan sonra, komanda Qlazqo (Şotlandiya) şəhərində keçiriləcək növbəti turnirə hazırlığını davam etdirəcək: "Bundan sonra da hazırlaşmağa, nəticə üçün çalışmağa davam edəcəyik. Bir neçə həlledici ola biləcək hərəkətlər var, biz onlara daha diqqətli yanaşacağıq və proqramı getdikcə mürəkkəbləşdirəcəyik".
Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.
Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.
Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.
Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edir.
Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.