...

“Su-müharibə maşını” sənədli filminin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2018 14:01 (UTC +04:00)
“Su-Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (azərbaycan, ingilis, rus və ərəb) hazırlanmış “Su- müharibə maşını” sənədli filminin təqdimatı olub.
“Su-müharibə maşını” sənədli filminin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilmiş “Su-Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (azərbaycan, ingilis, rus və ərəb) hazırlanmış “Su- müharibə maşını” sənədli filminin təqdimatı olub.

BAMF-dan Trend-ə verilən məlumata görə, filmdə işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində, cəbhəxətti rayonlara vurulan ziyan, yaranmış ekoloji böhran və cəbhə xəttinə yaxın yaşayan insanlarımızın üzləşdiyi su problemi əks olunub.

Qeyd edək ki, qısametrajlı sənədli film formatında hazırlanana “Su-müharibə maşını” martın 17-23 tarixləri arasında Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su forumunda xarici ekspert və siyasətçilərdən ibarət auditoriyaya təqdim olunub. Azərbaycanı bu forumda BAMF-ın nümayəndə heyəti təmsil edib. BAMF-ın prezidenti Umud Mirzəyev işğal altındakı ərazilərdən ölkəmizə axıb gələn çayların çirkləndirilməsinin, qarşısının kəsilməsinin, eləcə də müxtəlif partladıcı qurğuların axıdılmasının yol verilməz və beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Sənədli film bu mövzu ilə bağlı müxtəlif dillərdə təqdim edilən ilk təşəbbüs olduğunu deyən U.Mirzəyevin bu istiqamətdə işlərin daha çox beynəlxalq auditoriyaya çıxarılmasının əhəmiyyətinə toxunub.

Filmdə su məsələləri üzrə beynəlxalq ekspert “Dünya Su müharibələri” kitabının müəllifi Adel Dərvişin, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müsahibələri yer alıb. Filmdə Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü dayandırmasını tələb edən "Azərbaycanın sərhəd bölgələrində yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı, 2085 saylı qətnamənin tələblərinə dair müddəalar da yer alıb. Filmdə Umudlu kənd sakini İlqar Qasımov, Laçın rayonundan olan məcburi köçkün Papır Əliyev suyun əkin-biçin sahələri üçün əhəmiyyətindən danışır və həqiqətən də susuzluqdan əziyyət çəkdiklərini vurğulayıblar.

Filmdə işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqda maraqlı statistikalar qeyd olunur: “Ermənistan ərazisindən Azərbaycana müxtəlif sululuqlu 11 çay daxil olur. Bu çayların ümumi su ehtiyatları 2.54 km3 təşkil edir. Həmin çayların kimyəvi və radioaktiv maddələrlə, partladıcı maddələrlə, plastik qablarla, kanalizasiya suları ilə çirkləndirilməsi, çay yataqlarının dəyişdirilməsi regionun ekosisteminin deqradasiyasına ciddi təsir göstərib. Tərtər çayı, Xaçın çayı, Qarqar çayı, Tovuz çay, Ağstafa çay vasitəsilə axıdılan yüzlərlə mina və partlamamış hərbi sursat insanların sudan istifadəsinə ciddi təhlükələr yaradıb. Onlarla gənc, yeniyetmə sudan tapdıqları partladıcı qurğulara toxunan an partlayış nəticəsində həlak olub və ya yaralanıblar".

Təqdimatda 40 dan çox media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu cür mövzulara toxunulmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyi bir daha vurğulanıb. Çıxışçılar arasında Elçin Mirzəbəyli, Arzu Nağıyev, Azər Həsrət, Aqil Camal, Namiq Mayılov aktual məsələ olan su problemini qlobal səviyyədə professional olaraq təqdim edildiyini bildiriblər. BAMF-ın BMT səviyyəsində beynəlxalq arenada su problemini qaldırmasını və məcburi köçkünlərin çətinliklərini daim diqqətdə saxlamasını təqdirəlayiq hal hesab ediblər. Əliməmməd Nuriyev QHT Şura adından layihəni həyata keçirən BAMF kollektivinə və filmin ərsəyə gəlməsində başda Umud Mirzəyev olmaqla komanda heyətinə öz təşəkkürünü bildirib və bu cür ideyaların və layihələrinin gələcəkdə də dəstəkləməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti