...

ƏSA teatrı və sosial müəssisədə peşə kursu keçmiş məzunların hazırladığı “Nəsimi” antreprizası nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2019 20:46 (UTC +04:00)
“Nəsimi” antreprizasının nümayişləri tamaşaçıların böyük marağına səbəb olub.
ƏSA teatrı və sosial müəssisədə peşə kursu keçmiş məzunların hazırladığı “Nəsimi” antreprizası nümayiş olunub (FOTO)

Bakı. Trend:

İnklüziv teatr olan ƏSA teatrı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəssisələrində peşə reabilitasiya kursu keçmiş məzunların birgə hazırladıqları, nazirliyin dəstəyi ilə ərsəyə gələn “Nəsimi” antreprizasının nümayişləri tamaşaçıların böyük marağına səbəb olub.

Antrepriza Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən “Nəsimi – şer, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində nümayiş olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Nizami Kino Mərkəzində keçirilən təqdimat tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi antrepriza böyük tamaşaçı marağı nəzərə alınmaqla daha bir gün nümayiş olunub.

Tamaşada iştirak edən gənclərin hərəkət məhdudiyyətli olmasına baxmayaraq, bədii plastikadan məharətlə istifadə edərək, antreprizanın ruhunu, Nəsimi dühasını, böyük şairin dərin mənalara söykənən təkrarsız fəlsəfi-poetik dünyasını, onun mübarizliyini, qəlbən bağlandığı həqiqəti və haqdan dönməzliyini auditoriyaya dolğun şəkildə çatdırıblar. Nihad Qulamzadənin bədii rəhbəri olduğu və quruluş verdiyi tamaşada bəstəkar Vüqar Camalzadənin musiqisi, aktyorların Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova, Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov və başqalarının ifası, xüsusən Nəsiminin ustadla qarşılaşması, ruhunun əbədi dünyada nura qovuşmağı və s. səhnələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Nəsimi” antreprizası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan şəxslərdən ibarət ƏSA teatrının növbəti birgə və uğurlu layihəsidir. Belə ki, bundan əvvəl də nazirliyin dəstəyi ilə teatr Moris Meterlinkin “Göy quş” pyesini peşəkar şəkildə səhnələşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti