...

İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2019 18:54 (UTC +04:00)
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.

İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal tədbir iştirakçılarını salamlayaraq, yüksəksəviyyəli qarşılıqlı tədbirlərin həyata keçirilməsini ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, iki qardaş ölkənin ortaq dəyərlərindən biri olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu il Azərbaycan ictimai fikir tarixinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi tamam olur: “Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel 2019-cu il tarixdə “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 1109 nömrəli Sərəncam imzalamış və Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 iyul 2019-cu il tarixdə qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Tədbirlər Planını təsdiq etmişdir”.

Aİİ rektoru bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan ictimai fikir tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı Sərəncam dövlətimiz tərəfindən Türk dünyasının görkəmli ictimai-siyasi xadiminə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.

C.Məmmədov qeyd edib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir. Bu tədbir də bu istiqamətdə keçirilir.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı görkəmli ictimai xadim, şərqşünas alim, publisist, tənqidçi Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycanda deyil, Türkiyədə, Yaxın və Orta Şərqdə, Mərkəzi Rusiya və Qərbi Avropada da tanınmış alimlərdən olduğunu qeyd edib. M.Balcı dahi mütəfəkkirin hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi ziyalı olduğunu qeyd edərək, onun insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini özündə toplamış böyük insan olduğunu vurğulayıb.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram qeyd edib ki, Əhməd bəy bütün həyatı boyu çəkdiyi əzablara, əziyyətlərə, sürgünlərə, məhrumiyyətlərə baxmayaraq, sözünü çəkinmədən demiş, xalqının və böyük Türk dünyasının mənafeyi uğrunda hər zaman mübarizə aparmışdır. Böyük sənətkarın yaradıcılığı və fəaliyyəti çoxtərəfli, çoxjanrlı, sistemli şəkildə davam etmiş, son nəfəsinədək xalqına, millətinə, mədəniyyətinə bağlı olduğunu göstərmişdir.

Millət vəkili Fazil Mustafa çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 aprel 2019-cu il tarixdə “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamı böyük ədibə ehtiramın təcəssümü kimi dəyərləndirib. Azərbaycan tarixində Əhməd bəy Ağaoğlunun ensiklopedik bilgiyə malik olduğunu, ermənilərin azərbaycanlılara qarşı müharibəsini öz elmi almış olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbir öz işini panellərlə davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti